Rusiya diktatoru Vladimir Putin tammiqyaslı təcavüzdən sonra ilk dəfə Ukraynaya birbaşa danışıqlar təklif edib.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, "Reuters"-in yazdığına görə, Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, Ukraynanın atəşkəslə bağlı “istənilən danışığa hazır olduğunu” vurğulayıb.
Nəşr qeyd edib ki, Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-ın təzyiqi fonunda verilib.
"İstənilən sülhsevər təşəbbüslərə müsbət münasibət bəsləyirik. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də eyni hissləri keçirəcəklər”, - deyə Putin bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov daha sonra ağasının sözlərini belə izah edib: “Putin mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli əsasda müzakirə etməyin mümkün olduğunu deyəndə, Ukrayna tərəfi ilə danışıqlar və müzakirələri nəzərdə tutub”.
O, əlavə edib ki, Rusiya Federasiyası guya sülh yolu ilə həll tapmağa açıqdır. Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib.
Maraqlıdır ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən bəri tərəflər arasında birbaşa danışıqlar aparılmayıb.