Son günlər dünyada qripə yoluxanların sayında ciddi artım müşahidə olunur.
Bizim.Media xəbər verir ki, son araşdırmalara görə, hər il on milyonlarla insan qripə yoluxur və bir çoxu tibbi müdaxilə etmədən sağalmanı gözləyirlər.
Çikaqoda təcili tibbi yardım mütəxəssisi Dr. Sindhu Adderson izah edir ki, əsl problem bir çox insanın qrip əlamətlərini digər tənəffüs yolları xəstəliklərindən ayırmaqda çətinlik çəkməsidir.
Qripin digər xəstəliklərdən əsas fərqlərindən biri simptomların görünmə sürətidir.
Hyuston Ümumi Xəstəxanasının diaqnostik mikrobiologiya şöbəsinin müdiri Dr. Uesli Lonq qeyd edir ki, soyuqdəymə və ya koronavirusla simptomlar bir neçə gün ərzində tədricən inkişaf edir, qrip isə anidən başlayır və qəfil ağırlaşma baş verir. Qrip adətən temperaturun 38,5 dərəcədən yuxarı qalxması, şiddətli üşütmə, şiddətli əzələ ağrısı, həddindən artıq yorğunluq, quru, davamlı öskürək, şiddətli baş ağrıları, kəskin boğaz ağrısı və burun axması ilə müşayiət olunur.
Soyuqdəymə isə tədricən inkişaf edir və aşağı hərarət, yüngül əzələ ağrısı, orta dərəcədə yorğunluq, yüngül burun axması və öskürək, yüngül boğaz ağrısı ilə xarakterizə olunur.
Koronavirus digər 2 xəstəlikdən fərqli olaraq, çox vaxt simptomların yavaş inkişafı, dad və qoxu itkisi, uzun müddətli yorğunluq, baş ağrıları və mümkün nəfəs darlığı ilə müşayiət olunur.
Qripin qarşısını almaq üçün peyvənd etmək tövsiyə olunur. Dr.Long vurğulayır ki, qripə qarşı peyvənd ilk müdafiə xətti olaraq qalır və hətta mövsümün ortasında xəstəliyin şiddətini əhəmiyyətli dərəcədə azalda bilər.
Effektiv hesab edilən gigiyena tədbirləri arasında əlləri ən azı 20 saniyə sabunla yumaq, dezinfeksiyaedici vasitələrdən istifadə etmək və yuyulmamış əllərlə üzə toxunmaqdan çəkinmək xüsusilə qeyd olunur.
Bundan əlavə, otaqları mütəmadi olaraq havalandırmaq, xəstə insanlarla məsafə saxlamaq, insanların sıx olduğu qapalı yerlərdə maska taxmaq tövsiyə olunur. Ev şəraitində gündə 8-10 stəkan maye, o cümlədən isti bulyon və izotonik içkilər içməklə maye balansını qorumaq vacibdir.
Hər üç simptomlar zamanı yaxşı istirahət etmək, o cümlədən gecə ən azı 8 saat yuxu, gün ərzində istirahət fasilələri və fiziki fəaliyyətdən qaçınmaq lazımdır.
Bizim.Media