
ABŞ-nin Ukraynaya yardımı Donald Tramp hakimiyyətə gəldikdən sonra dalana dirənib, Aİ-nin yardımı isə müntəzəm olaraq daxil olmaqda davam edir və artıq ümumilikdə 138 milyard avroya çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kildə yerləşən və Kiyevə dəstək haqqında məlumatları izləyən Dünya İqtisadiyyatı İnstitutu (IfW) məlumat yayıb.
IfW-nin məlumatına görə, Ukraynaya yardım baxımından Avropa ilə ABŞ arasında uçurum getdikcə genişlənir və təxminən 23 milyard avro təşkil edir:
“Donald Tramp 2025-ci il yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayandan bəri ABŞ-nin yardımı dayandırılıb. ABŞ yanvarın 9-da prezident Co Baydenin rəhbərliyi altında sonuncu paketi elan etdikdən sonra heç bir yeni hərbi, maliyyə və ya humanitar yardım olmayıb”.
“Axırıncı dəfə belə uzun fasilə 2024-cü ilin yanvarında müşahidə olunub, o zaman növbəti yardım paketi ABŞ Konqresindəki durğunluq səbəbindən bloklanıb”, - IfW ekspertləri qeyd ediblər.
Onların məlumatlarına görə, Aİ davamlı olaraq Kiyevə yardım edir. Yanvar və fevral aylarında Böyük Britaniya bu məqsədlər üçün 360 milyon avro, Almaniya - 450 milyon avro, Norveç - 610 milyon avro, Danimarka - 690 milyon avro, İsveç - 1,1 milyard avro ayırıb. Avropa Komissiyası bu yaxınlarda 3 milyard avroluq ilk krediti təqdim edib.