AZ

Bakalavr təhsili iki il OLACAQ?

Son günlər cəmiyyətdə ali təhsil müddətinin qısaldılması ilə bağlı müzakirələr artıb. Bir sıra ekspertlər hesab edir ki, bəzi ixtisaslar üzrə 4 illik təhsil çoxdur. Onlar bir sıra ixtisaslarda 2 illik təhsili məqbul hesab edilir. Digər iki il isə praktik biliklərin öyrənilməsi daha məqbul hesab olunur.

Bu yanaşma nə qədər səmərəlidir?
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə təhsil haqqında sənədlərin Azərbaycanda qüvvədə olmasının təsdiqinə dair tələblər müəyyənləşdi


Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, ya ali təhsilin pillələrinə yanaşma tərzimiz dəyişməlidir, ya da bir sıra ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpilləli sistemə keçilməlidir:


“Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirilib. Bununla belə, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər. Onlar özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçir, təlimlərə, treninqlərə cəlb olunur, müsabiqə, müsahibə və imtahan prosedurlarına qoşulurlar.

O da sirr deyil ki, son onilliklərdə yeniyetmələrin təhsilə, gənclərin elmə marağının azalması müşahidə olunur.
 

Bu gün  fundamental elmlə məşğul olanların böyük əksəriyyətini, məhz yaşlı nəslin nümayəndələri təşkil edir. Gənclərin mütləq əksəriyyəti özünü elmdə görmür. Bir çoxları diplom almaq, bir qismi şəhərli olmaq xatirinə, digər bir qismi də valideynlərin təhriki ilə ali təhsilə baş vururlar.


Belələri nəinki, maqistratura, hətta bakalavr təhsilinə maraqsız yanaşırlar. Məhz bu səbəbdən bakalavr təhsilinin 4 ildən 3, hətta 2 ilə endirilməsi,  ümumiyyətlə ali təhsilin bakalavr pilləsinin ləğv edilməsi, iki yeni təhsil səviyyəsi tətbiq olunacağı - əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il) baradə fikirlər səsləndirilir.

Elm və təhsil nazirliyi rəsmisinin də etiraf etdiyi kimi, universitet selektiv yer deyil. O, öz tələbəsini əmək bazarına buraxmaq üçün seleksiyadan keçirmir. Tələbə universitetə daxil olubsa, onun məktəbi bitirməsi üçün çalışılır. Amma tələbə əmək bazarı üçün və ya ümumiyyətlə, oxumaq üçün yararlı deyilsə, universitet onu sıxışdırıb aradan çıxarmalıdır.”

Bakalavr və magistr üçün müəyyən edilmiş qaydalar nə dərəcədə işləkdir?

Müsahibimiz qeyd edib ki, ali təhsildə iki pilləli – bakalavriat və maqistratura pilləsinin tətbiqi bilavasitə Boloniya sistemi ilə əlaqədardır:

“Ölkəmiz bu prosesə 2005-ci il mayın 19-da qoşulub. Hər bir yeniliyin tətbiqində olduğu kimi, Bolonya prosesinə qoşulanda da ölkəmizdə ilk vaxtlar bunu təqdir edənlər və məqbul saymayanlar da az deyildi. 2009-cu ildə qəbul olunmuş Təhsil haqqında Qanunun müvafiq maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi,  magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Digər maddəyə əsasən isə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, bakalavriat isə, müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi idi.
 

Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi tam ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verirdi.


Elə həmin Qanunun digər maddəsinə əsasən magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. 

Hazırda bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Sanki işə düzəlməkdə hər iki səviyyəni bitirən eyni imkanlara malikdir. Elə isə əlavə 2 il oxumağa və əlavə vəsait xərcləməyə nə ehtiyac qalır?”.

“İki illik bakalavriata keçməkdənsə…”

Nadir İsrafilov onu da əlavə edib ki, bir sıra ölkələr Boloniya prosesindən imtina edərək  əvvəlki qaydada təkpilləli 5 illik təhsil sisteminə keçmək barədə düşünürlər:
 

“Bu mənada biz də ya ali təhsilin pillələrinə yanaşma tərzimizi dəyişməli, ya da bir sıra ölkələrdə olduğu kimi, ikipilləli ali təhsildən təkpılləli sistemə keçilməliyik. Bu və ya digər sistemlərin nə qədər uğurlu və ya uğursuz olacağını zaman göstərəcək. Amma dünyada ali təhsil təkcə Bolonya sistemi üzərində qurulmayıb və fərqli sistemlər var.


Hesab edirəm ki, keçid ballarını azaldaraq, ödənişləri artırmaq yolu ilə, 2 illik bakalavriata keçməkdənsə, ali təhsil 4-5 il müddətində saxlamaq, tələb təklif əsasında aspiranturaya qəbul keçirmək daha faydalı olar, nəinki yeni təhsil modellərini sınaqdan keçirməklə bağlı proqnozlar vermək. Bir də ki, təhsilin keyfiyyəti onun müddəti ilə ölçülmür. Sözügedən məsələ ciddi araşdırılmalı, geniş təhlil olunmalı, yalnız bundan sonra konkret addımlar atılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
231
18
bizim.media

10Mənbələr