RU

Sosial şəbəkələrdə şəkər, psarioz və xərçəngin müalicəsi “tapılıb” - əsl həkimlər nə deyir?..


Pərvanə Mustafayeva: “Dünya alimləri neçə ildir xərçəngin dərmanını tapa bilmir, ancaq bizim TikTok “həkimləri” tapıb”

Sosial şəbəkələr gündəlik həyatımızın bir parçasıdır. Təbii olaraq hər bir istifadəçi internetdən öz maraqlarına uyğun yararlanır. Kimisi işlə, kimisi özünüreklamla bağlı, kimisi də sadəcə vaxt “öldürmək” üçün...

Ancaq bəzi şəxslər özlərini həkim kimi təqdim edərək, sosial şəbəkədə müxtəlif xəstəliklərin türkəçarə yolu ilə müalicəsinin mümkün olduğunu iddia edir. Instagram,TikTok, Facebook və digər sosial şəbəkə platformalarında bəzi “həkimlər” şəkər, xərçəng, psoriaz, qan təzyiqi və digər xəstəliklərin otlarla müxtəlif müalicə vasitələrini təklif edir. İzləyici sayı yığmaq məqsədilə həmin “həkimlər” sağlamlıq məsləhətləri verir. Bu məsləhətlər isə qaş düzəltmək yerinə göz çıxardır.

“Tibbi təhsili olmayan bir qrup insan var ki, sosial şəbəkə vasitəsilə müxtəlif xəstəliklərin müalicəsi haqqında tövsiyələr verməklə məşğuldur”

Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, insanlar sosial platformalarda paylaşılan videolarda ehtiyatlı olmalıdır: “Qeyri-peşəkar, qısa müddət təlim keçdikdən sonra saxta sertifikat alan həkimlər var ki, insan sağlamlığı üçün böyük təhlükədir. İnsanlarımız ayıq olmalıdır ki, belə dırnaqarası həkimlərin qurbanına çevrilməsinlər. Kifayət qədər şəxslər var ki, belə yalançı insanların qurbanına çevriliblər. Sosial şəbəkədə “həkimlik” adı altında türkəçarələr paylaşırlar. Tibbi təhsili olmayan bir qrup insan var ki, sosial şəbəkə vasitəsilə müxtəlif xəstəliklərin müalicəsi haqqında tövsiyələr verməklə məşğuldur. Qeyd etmək lazımdır ki, həmin tövsiyələr arzu olunmayan nəticələr törədə bilər. Bütün müalicə vasitələri və prosedurlar həkim müayinəsindən sonra tətbiq edilməlidir. Türkəçarə olsa da, həkimsiz istifadə edilən qarışım insan sağlamlığına zərər verə bilər. Sosial şəbəkə istifadəçilərinin yaydığı həmin videolar, məlumatlar tamamilə yanlış sistemin tərkib hissəsinə daxil olan məlumatlardır. Bəzi hallarda insanlar bunları resept şəkildə götürüb tətbiq edir. Sonda da fəsadlarla üzləşirlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün TikTok platforması bəzi insanları “ulduz” edib: “İstənilən şəxs bu platforma sayəsində xalqa məsləhət adı ilə izləyici yığır. Bu şəxslər izləyicilərinə elə tibbi məsləhət verirlər ki, Hipokrat belə onların yanında susqun qalır. Bu yaxınlarda bir neçəsi soda (çay sodası), perekis (hidrogen peroksid) içənlərin cavan qalacağını, ağır xəstəliklərə tutulmayacağını iddia edir. Bunu deyənlər bilmir ki soda və perekiks içməklə cavan qalmaq bir yana, insan ölə bilər. Kim ağlına nə gəldi danışır, təəssüf ki, bəzi şəxslər də bunlara inanıb edirlər. Hətta xərçəngin, şəkərin və ya müxtəlif dəri xəstəliklərinin dərmanını tapanlar da var. Dünya alimləri neçə ildir xərçəngin dərmanını tapa bilmir, ancaq bizim TikTok “həkimləri” “tapıb”. Acınacaqlı hal odur ki, bunlara dur deyən olmur, aidiyyəti qurumlar məsləhət verənləri nəzarətə götürməlidir”.

Günel CƏLİLOVA

Избранный
0
31
baki-xeber.com

10Источники