RU

"ABŞ yeni nüvə bombasının hazırlanmasını başa çatdırıb" - NNSA

 
"Yeni başlıqlar daha mürəkkəb və irimiqyaslı hərbi hədəfləri, məsələn, yeraltı bunkerləri və komanda mərkəzlərini vurmaq üçün nəzərdə tutulub..."
 
ABŞ Energetika Nazirliyinin tabeliyində olan Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) B61 seriyalı nüvə silahlarının son modifikasiyası olan B61-13 bombasının ilk nümunəsinin istehsalını başa çatdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə NNSA-nın saytında məlumat verilib. Məlumatı "aif.ru" nəşri yayıb.
 
Məlumata görə, ilk bomba planlaşdırılandan bir il öncə və proqramın ilk dəfə elan olunmasından cəmi iki ilə yaxın müddətdə yığılıb. "Amerikanın nüvə arsenalının modernləşdirilməsi Prezident Trampın "Güc yolu ilə sülh" proqramının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır", - energetika naziri Kris Rayt bəyan edib.
 
"B61-13 bombasının bu qədər tez hazırlanması alimlərimizin və mühəndislərimizin bacarığının və dəyişkən yeni dövrdə çəkindirmə qabiliyyətinin gücləndirilməsi üzrə təcili ehtiyacın göstəricisidir. Bu nailiyyət həm rəqiblərimizə, həm də müttəfiqlərimizə Amerikanın gücü barədə siqnal verir", - o, əlavə edib.
 
B61-13 bombasının gücü 360 kilotona çatır. Bu, ABŞ nüvə arsenalında olan ən güclü başlıqlardan biridir. Başlığın modifikasiyası Tennessi ştatındakı Ouk-Ric şəhərində yerləşən Y-12 Milli Təhlükəsizlik Mərkəzində həyata keçirilib, son montaj isə Texas ştatının Amarillo şəhərindəki Pantex zavodunda baş tutub.
 
B61-13 başlıqları əvvəlki B61-12 versiyasının daha güclü formasıdır: onlar da eyni müasir təhlükəsizlik sistemləri, çoxpilləli qoruma və dəqiq hədəfləmə texnologiyaları ilə təchiz olunub. Lakin yeni başlıqlar daha mürəkkəb və irimiqyaslı hərbi hədəfləri, məsələn, yeraltı bunkerləri və komanda mərkəzlərini vurmaq üçün nəzərdə tutulub. Bu bombaları strateji "gözəgörünməz" B-2 Spirit bombardmançıları və ən yeni B-21 Raider təyyarələri daşıyacaq.
 
B61-12 modeli idarəolunan və dəqiqliyi artıran quyruq qanadları ilə təchiz olunub, bu da bombanı paraşütsüz, yüksəkdən atmaq və onun hədəfə doğru kilometrərlə məsafəni planlı şəkildə qət etməsinə imkan verir. Eyni texnologiya ilə B61-13 bombaları da təmin ediləcək.
 
Amerika Alimləri Federasiyasının məlumatına görə, yaxın vaxtlarda ABŞ B61-12 başlıqlı bombaları NATO müttəfiqlərinin Avropadakı aviabazalarında yerləşdirməyə başlayacaq. 2023-cü ilə olan məlumata əsasən, təqribən 100 ədəd köhnə B61-3/-4 versiyalı taktiki nüvə bombası NATO-nun Avropadakı aviabazalarında yeraltı anbarlarda saxlanılıb.
 
Hər biri üzrə təxminən 15 bomba Almaniyanın Reynland-Pfalz əyalətindəki Büxel, Belçikadakı Kleyne-Brogel, Niderlanddakı Volkel və İtaliyadakı Gedi bazalarında, 20-dən artıq bomba isə İtaliyanın Aviano və Türkiyənin İncirlik bazalarında yerləşdirilib. Bununla belə, nüvə silahlarının əsas hissəsi ABŞ ərazisində saxlanılır.
Избранный
0
50
moderator.az

10Источники