Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücünün ildə 20 milyard kubmetr qaza qədər artırılması Yunanıstan və Albaniyada iki yeni kompressor stansiyasının tikilməsini, həmçinin bu ölkələrdəki mövcud stansiyalarda əlavə aqreqatların quraşdırılmasını tələb edəcək.
“TAP AG” boru kəməri şirkətindən bildirilib ki, TAP-ın ilkin uzunmüddətli gücü ildə təxminən 10 milyard kubmetrdir və bu güc 2013-cü ildə 25 il müddətinə imzalanmış uzunmüddətli müqavilələr əsasında iştirakçılar arasında bölüşdürülüb.
"Lakin TAP öz gücünü tədricən artırmaqla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və dekarbonizasiya hədəflərinə çatmağa əlavə töhfə verə bilər. 2024-cü ilin yanvarında başa çatan 2021-ci il bazar testi 2026-cı il yanvarın 1-dən boru kəmərinin gücünün ildə 1,2 milyard kubmetr artırılması (11,2 milyard kubmetrə qədər) ilə bağlı öhdəliklərlə nəticələnib. Hazırda bu əlavə gücün təmin edilməsi istiqamətində zəruri işlər həyata keçirilir", - şirkətdən bildirilib.
“TAP AG”nin məlumatına görə, görülən işlər Kipoidəki (Aleksandrupolis rayonu, Yunanıstanın Türkiyə ilə sərhədinə yaxın) mövcud kompressor stansiyasında təxminən 15 MVt gücündə yeni kompressor aqreqatının quraşdırılmasını və müvafiq infrastrukturun təkmilləşdirilməsini əhatə edir".
Eyni zamanda, “TAP AG” qeyd edib ki, genişləndirmənin birinci mərhələsi gücün daha da artırılması üçün əsas yaradır ki, bu da gələcək bazar testləri çərçivəsində mərhələli şəkildə həyata keçirilə bilər.
"Hazırda 2023-cü il testi davam edir. Növbəti genişləndirmə mərhələsinin miqyası və potensialı testin nəticələri əsasında müəyyən ediləcək. Müvafiq məcmu tələb nəticəsində layihənin iqtisadi məqsədəuyğunluğuna nail olunacağı təqdirdə TAP gücünü demək olar ki, iki dəfə artıra bilər. Gücün iki dəfə artırılması layihəsi Yunanıstan və Albaniyada iki yeni kompressor stansiyasının tikintisini, həmçinin bu ölkələrdəki mövcud stansiyalarda əlavə aqreqatların quraşdırılmasını nəzərdə tutur", - şirkətdən vurğulayıblar.
Həmçinin İtaliyadakı qəbul terminalında kiçik modifikasiyalar nəzərdə tutulub.