RU

Ötən il 33 milyon, bu il isə 35 milyonluq sifariş – Deputata məxsus olduğu deyilən şirkət yenə qalib seçildi

Milli Onkologiya Mərkəzi (MOM) kimyəvi dərman preparatları, reaktivlər, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, MOM-un tenderində bu dəfə də ənənə pozulmayıb. O mənada ki, tenderin qalibi “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 35 849 901,34 manatdır.

MOM-un tibbi məhsullarla bağlı elə bir tenderi yoxdur ki, onun qalibi “Azeri Med” şirkəti seçilməsin. Mərkəz cari ildə hələlik bir tender keçirib və göründüyü kimi qalib “Azeri Med” QSC olub. Ötən ilə isə Mərkəz 4 tender keçirib. Bu tenderlərin də qalibi “Azeri Med” şirkəti olub.

MOM-un ötən il keçirdiyi tenderlərlə bağlı satınalma müqavilələrin toplam maliyyə dəyəri 33 475 893,38 manatdır.

"Azəri Med" QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 000 manatdır. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 2009-2013-cü illərdə şirkətə Qafarov Hüsaməddin Şəmsəddin oğlu rəhbərlik edib. Hüsaməddin Qafarov deputat Kamaləddin Qafarovun yaxın qohumudur. Bəzi məlumatlara görə, o, deputatın əmisi oğludur.

Hüsaməddin Qafarovun “Azeri Med”ə rəhbərlik etməsi təsadüfi deyil. Məsələ burasındadır ki, uzun illərdir, “Azeri Med” QSC-nin Kamaləddin Qafarova məxsus olduğu bildirilir. Mediada da bu barədə kifayət qədər yazılıb. Qarşı tərəf indiyədək bu məlumatları təkzib etməyib. Kamaləddin Qafarov deputat olmamışdan əvvəl isə MOM-da direktor müavini vəzifəsində çalışıb. “Azeri Med” QSC-nin mütəmadı olaraq MOM-un tenderlərinin qalibi seçilməsi də bununla əlaqələndirilir.

Hüseyn

Избранный
0
31
valyuta.az

10Источники