RU

"Rusiya bu gecə qitələrarası ballistik raketin buraxılışına hazırlaşır" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

"Bu yolla rusiyalılar Ukrayna, Avropa İttifaqı və NATO ölkələrinə qarşı qorxutma taktikasını gücləndirir..."
 
Mayın 19-a keçən gecə Rusiya "Yars" strateji raket kompleksindən qitələrarası ballistik raketin "təlim-döyüş" buraxılışını həyata keçirməyi planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat verib. Məlumatı "liga.net" nəşri yayıb.
 
"Müdaxilə və qorxutma məqsədilə Ukraynaya, eləcə də Avropa İttifaqı və NATO üzvü olan dövlətlərə təzyiq göstərmək üçün təcavüzkar dövlət Rusiya 2025-ci il mayın 19-na keçən gecə "Yars" kompleksindən RS-24 qitələrarası ballistik raketinin "təlim-döyüş" buraxılışını həyata keçirməyi planlaşdırır", - məlumatda deyilir.
 
Ukrayna kəşfiyyatının məlumatına əsasən, "təlim sursatı" ilə təchiz olunmuş raket təcavüzkar dövlətin Strateji Təyinatlı Raket Qoşunlarının 31-ci ordusuna aid 42-ci diviziyanın 433-cü alayının tərkibində olan mobil yerüstü kompleksdən buraxılmalıdır. Buraxılış Sverdlovsk vilayətində yerləşən Svobodnı yaşayış məntəqəsi ərazisindən həyata keçirilməlidir (vilayətin inzibati mərkəzi Yekaterinburqdur).
 
Baş Kəşfiyyat İdarəsi ehtimal edilən hədəfi açıqlamır, lakin qeyd edir ki, qeyd olunan raketin uçuş məsafəsi 10 min kilometrdən çoxdur. Qeyd edək ki, buraxılış məntəqəsindən Ukraynanın şərq sərhədinədək məsafə təxminən 1700 km, qərb sərhədinədək isə 2700 km-dir. Yəni, ölkənin bütün ərazisi bu raketin potensial zərbə zonasına düşür.
 
"Yars" (RS-24) raket kompleksi Moskva İstilik Texnikası İnstitutu tərəfindən hazırlanıb və "Topol" kimi daha köhnə sistemləri əvəz etmək üçün nəzərdə tutulub. 2009-cu ildə silahlanmaya qəbul olunub. İki versiyada mövcuddur: mobil qurğu və şaxta (yeraltı) kompleksi.
 
Rusiya strateji raketlərlə nümayişkaranə hədələyir
 
Nəşrin yazdığına görə, ötən ilin noyabrında Rusiya ilk dəfə olaraq Ukraynaya qarşı orta mənzilli "Oreşnik" raketindən istifadə edib. Bu raketlə Dneprdə yerləşən "Yujmaş" zavodunun ərazisinə zərbə endirilib. Həmin vaxt partlayıcı olmayan kinetik döyüş başlığı tətbiq olunub.
 
Rusiya daim Ukraynaya nüvə başlığı daşıya bilən raketlərlə (məsələn, "İsgəndər") hücum etsə də, məhz "Oreşnik"in istifadəsi müəyyən rezonans doğurub. Bu, real müharibə şəraitində bölünən döyüş başlığına malik strateji raketdən ilk istifadə halı olub. Bu cür raketlər bu vaxta qədər yalnız nüvə çəkindirmə vasitəsi kimi nəzərdən keçirilib, konvensional (ənənəvi) müharibədə tətbiqi isə qeyri-adi hesab olunub.
Избранный
0
50
moderator.az

10Источники