"Biz vaxtilə İsveçlə 21 il müharibə aparmışıq. Bəs siz bu qədər davam gətirə bilərsinizmi?.."
2025-ci il mayın 16-da davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin təşəbbüsü ilə İstanbulda yeni sülh danışıqları mərhələsi baş tutub. Bu, 2022-ci ildən bəri tərəflər arasında ilk birbaşa görüş olub və bir çoxları bu prosesi mümkün atəşkəsin başlanğıcı kimi qiymətləndirib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Nəşr yazır ki, bununla belə, görüşdə səslənən bəyanatlar və tərəflərin mövqeləri, xüsusilə də Rusiya nümayəndə heyətinin çıxışları, bu nikbinliyi sarsıdıb.
Danışıqların pərdəarxası detallarına nəzər saldıqda, işğalçı Rusiyanın məqsədinin sülhə nail olmaqdan çox, Ukraynaya qarşı hərbi təcavüzünü davam etdirmək və geosiyasi mövqe üstünlüyü əldə etmək olduğu aydın görünür.
Rusiya tərəfinin təhdid dili və ultimatumları
Bu görüşin pərdəarxasında sülh ritorikasından daha çox təhdidlər, ultimatumlar və qeyri-real tələblər səslənib. Danışıqlarda iştirak edən jurnalistlərin və diplomatik mənbələrin məlumatına görə, Rusiya tərəfi Ukrayna qarşısında bir sıra sərt və reallaşdırılması mümkün olmayan şərtlər irəli sürüb.
Bunlara Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərindən Ukrayna qoşunlarının tam çıxarılması və Kiyev tərəfindən bu ərazilərin faktiki olaraq Rusiyaya verilməsi daxildir. Rusiya, həmçinin Xarkov və Sumı vilayətlərini də işğal etməklə hədələyib.
Medinskinin açıq hədələri və sonsuz müharibə ritorikası
Rusiya nümayəndə heyətinin başçısı, Putinə yaxın şəxs kimi tanınan Vladimir Medinski danışıqlar zamanı bildirib: "Biz müharibə istəmirik, amma bir il, iki il, üç il - nə qədər lazımdırsa, döyüşməyə hazırıq. Biz vaxtilə İsveçlə 21 il müharibə aparmışıq. Bəs siz bu qədər davam gətirə bilərsinizmi?". O, həmçinin "Rusiya sonsuza qədər müharibə etməyə hazırdır" sözləri ilə danışıqlarda iştirak edənləri psixoloji təzyiq altına salmağa çalışıb.
Zelenski - Putin görüşü gündəmdə
Ukrayna müdafiə naziri Rüstəm Ömərov danışıqlardan sonra verdiyi açıqlamada prezident Zelenski ilə Putin arasında birbaşa görüş məsələsinin müzakirə olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu istiqamətdə artıq hazırlıq işləri aparılır və hər iki tərəf atəşkəsə dair təkliflərini yazılı şəkildə təqdim etmək barədə razılığa gəlib.
Əsir mübadiləsi: "1000-in 1000-ə" formulu
Danışıqlar zamanı tərəflər arasında böyükmiqyaslı əsir mübadiləsi də razılaşdırılıb. Ömərov bildirib ki, Ukrayna və Rusiya 1000 nəfər əsirin dəyişdirilməsi üzərində razılığa gəlib və bu proses yaxın vaxtlarda həyata keçiriləcək.
ABŞ-ın iştirakı olmadan danışıqlar və beynəlxalq narahatlıq
Rusiya tərəfi danışıqlarda ABŞ nümayəndələrinin iştirakına qarşı çıxıb və bu tələbi yerinə yetirilib. Buna baxmayaraq, Türkiyə danışıqlarda müşahidəçi kimi iştirakını davam etdirib. Ukrayna isə danışıqlarda prioritetinin "tam, şərtsiz və ədalətli atəşkəs" olduğunu bildirib.
Danışıqlar sülh, yoxsa vaxt udmaq üçündür?
Bir çox müşahidəçi və analitiklər hesab edir ki, Kreml bu danışıqlardan real sülhə nail olmaq üçün deyil, cəbhədəki hücumları davam etdirmək və vaxt qazanmaq üçün istifadə edir. ABŞ və Avropa İttifaqının mayın 12-dən etibarən tam atəşkəs çağırışına Kiyev razılıq versə də, Moskva bu çağırışı rədd edib.
Beləliklə, İstanbul danışıqları sülhə bir addım kimi təqdim olunsa da, real məzmunu göstərib ki, tərəflər arasında hələ də dərin fikir ayrılıqları mövcuddur. Rusiya tərəfinin ultimatum tərzindəki tələbləri və açıq təhdidləri sülh prosesi əvəzinə yeni gərginlik dalğası yaradır.
Ukrayna tərəfi real atəşkəsə və əsir mübadiləsinə hazır olduğunu göstərsə də, Kreml bu platformadan daha çox zaman qazanmaq və hərbi planlarını davam etdirmək məqsədilə istifadə edir. Beləliklə, sülh danışıqları əslində savaşın yeni diplomatik mərhələsi - açıq cəbhənin masadakı davamı kimi çıxış edir.