RU

Dünya İstanbul danışıqlarına necə reaksiya verir: ilk açıqlamalar

Varşava, London və Roma Ukraynanı dəstəkləyib.

Tribunainfo.az xəbər verir ki, Türkiyədə keçirilən danışıqlar Rusiya Federasiyasının sülhə yaxşı niyyət göstərmədiyini nümayiş etdirdi.

Bu barədə Avropa Siyasi Birliyinin Tiranadakı sammitində çıxış edən Polşanın baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında deyib. RMF24-ün yazdığına görə, Tusk əsas vəzifənin Avropa və ABŞ-ın Ukrayna məsələsində birliyini qorumaq olduğunu bildirib:

“Rusiya tərəfi amerikalıların iştirakı ilə danışıqlar aparmaq niyyətində deyildi. İrəli sürdükləri şərtlər nəinki Ukrayna, heç birimiz üçün qəbuledilməz idi. Rusiya mövqeyini konstruktiv adlandırmaq çətindir. Çox çətin günlər bizi gözləyə bilər.”
Böyük Britaniyanın baş naziri Kir Starmer isə sosial şəbəkədə yazıb ki, Kreml rəhbəri Vladimir Putin sülhə qarşı çıxış etdiyi üçün cavab verməlidir:

“Ukrayna və dünyanın digər yerlərində insanlar Putinin təcavüzü ucbatından əziyyət çəkib. İndi isə o, sülhdən yayınmaq üçün cavab verməlidir. Mən Rusiyanın atəşkəsi pozmasına imkan verməyəcəyəm. Vladimir Zelenski, Böyük Britaniya hər zaman Ukraynanın yanındadır.”
İtaliyanın baş naziri Corca Meloni isə tərəfdaş ölkələri qeyd-şərtsiz atəşkəs və Ukraynaya təhlükəsizlik zəmanəti verəcək ciddi sülh sazişi üzərində israrlı olmağa çağırıb:

“Əllərimizi yanımıza salmamalıyıq. Bu saatlar ərzində biz kimlərin sülh üçün real addımlar atmağa hazır olduğunu, kimlərin isə buna hazır olmadığını aydın şəkildə gördük.”

İstanbul Danışıqları: nə baş verir?

Məlum olduğu kimi, 2022-ci ildən bəri ilk dəfə Rusiya və Ukrayna nümayəndələri birbaşa görüşdə atəşkəsi, 1000 nəfər – 1000 nəfərə qarşı əsir mübadiləsini və Zelenski ilə Putinin şəxsi görüşü imkanını müzakirə ediblər.

Danışıqlara təşəbbüs rus tərəfdən gəlib – ABŞ və Aİ-nin israr etdiyi atəşkəs təklifindən imtinanın “kompensasiya”sı kimi.

KİV-in məlumatına görə, görüş zamanı Rusiya nümayəndələri Ukraynanın ordusunu konstitusiyalarına daxil etdikləri ərazilərdən çıxarmasını tələb ediblər.

The Economist jurnalının jurnalisti Oliver Kerrol bildirib ki, Putinin müşaviri ukraynalılara “Rusiya əbədi müharibəyə hazırdır” mesajı verib. Hətta, “siz daha çox yaxınlarınızı itirə bilərsiniz” deyərək hədələyib.

İmran Kərimli

Избранный
0
37
tribunainfo.az

10Источники