RU

Ermənistan Rusiyadan silah alışını dayandırıb: Hindistan İrəvanın ən münbit bazarına çevrilib

Ermənistan Rusiyadan silah alışını dayandırıb və Hindistanla silah alınmasına dair bir sıra müqavilələr imzalayıb.

Editor.az bildirir ki, bu barədə mayın 13-də “Vedomosti” Rusiya Beynəlxalq Məsələlər Şurasının (RİAC) “Mövcud mərhələdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti” hesabatına istinadən məlumat yayıb. Moskva ilə İrəvan arasında sonuncu sövdələşmə 2021-ci ildə, 400 milyon dollara bağlanıb və hələ də tam icra olunmayıb. Halbuki Rusiya Federasiyası və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiqdirlər.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadən “Vedomosti” qeyd edir ki, 2024-cü ilə qədər Ermənistanın silah idxalında Rusiyanın payı 10% təşkil edib, baxmayaraq ki, 2011-2020-ci illərdə bu rəqəm 94% olub. Qurum Ermənistanın silah bazarında Rusiyanın payının azalmasına səbəb kimi Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən çatdırılma ilə bağlı çətinlikləri göstərib.

Əvəzində Ermənistan 2022-ci ildən 2023-cü ilə qədər Hindistanla 1,5 milyard dollardan çox dəyərində müdafiə müqavilələri imzalayıb. Xüsusilə, söhbət İrəvanın Dehlidən 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemləri, 155 mm-lik ATAGS artilleriya qurğuları, ZADS pilotsuz uçuş aparatları, “Akaş-1S” hava hücumundan müdafiə sistemləri, “Konkurs” tank əleyhinə raket kompleksləri, minaatanlar və müxtəlif döyüş sursatları almasından gedir.

Müqayisə üçün qeyd edək ki, Ermənistan digər əsas tərəfdaşı olan Fransa ilə 2023-cü ildən 2024-cü ilə qədər təxminən 250 milyon dollar dəyərində silah alınmasına dair müqavilələr imzalayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
0
46
editor.az

10Источники