RU

Suriyada Azərbaycan üçün yeni perspektivlər açılır...


Azərbaycanın əməkdaşlıq baxımından Yaxın Şərqdə xüsusi önəm verdiyi ölkələrdən biri də Suriyadır. Son dövrlərdə ölkələr arasında münasibətlərin inkişafında yeni bir mərhələ başlanıb. 2024-cü ilin 8 dekabrında Bəşər Əsəd rejiminin süqutundan sonra Bakı-Dəməşq əlaqələrinin sürətli inkişafı hər iki tərəfin maraqlarına cavab verir.

On iki illik fasilədən sonra Azərbaycanın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi münasibətlərin bərpasında mühüm addım hesab olunur. Onu da qeyd edək ki, cari ilin aprelin 11-də Antalyada keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş keçirilib. Görüşdə Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlət başçısına minnətdarlığını bildirərək, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib. Azərbaycan və Suriya prezidentlərinin Antalyada baş tutan görüşü məhz Əsəd rejiminin günahı ucbatından pozulan ikitərəfli əlaqələrin bərpasına və inkişafına əsas hesab olunur. Bunun ardınca Azərbaycanın baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri əməkdaşlıq imkanlarının genişlənməsi böyük üçün əhəmiyyət daşıyır. Baş nazirin müavini Azərbaycan hökumətinin Suriyanın yeni administrasiyasına siyasi dəstəyini bir daha ifadə edərək, bu dəstəyin əyani göstəricisi kimi Azərbaycanın öz rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etdiyini və ölkəmizin 12 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdiyini vurğulayıb.

Tərəflər görüş zamanı, həmçinin, Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycan Respublikasının mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin, həmçinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetika naziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh, ali təhsil naziri Mərvan əl-Hələbi ilə də görüşləri olub. Görüşlərdə aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılıb və bu istiqamətlər üzrə konkret planlar müəyyənləşdirilib. Daha əvvəl isə ölkəmizdən Suriyaya humanitar yardım karvanı yola salınıb. Dəməşq qəbul edir ki, Azərbaycan hazırda Suriyada böyük ehtiyac duyulan investisiya imkanlarına və infrastruktur quruculuğunda yaxşı təcrübəyə malikdir. Eyni zamanda, Türkiyə və İsraillə yüksək səviyyədə olan münasibətlər də Azərbaycanın gələcəkdə Suriyanın bərpasında və bütövlükdə Yaxın Şərqdə gedən proseslərdə aktiv rol alacağını deməyə əsas verir. Hadisələrin inkişaf axarı Suriyanın özünün də qarşısında yeni inkişaf mərhəsləsinin başlandığını göstərir və prosesdə Azərbaycan da bu ölkəyə lazımi dəstək nümayiş etdirəcək. Belə bir vaxtda ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların qaldırılmasına göstəriş verəcəyini bildirməsi də mühüm hal hesab edilir. Qeyd edək ki, Səudiyyə Ərəbistanında investisiya forumunda çıxış edən ABŞ prezidenti bildirib: “Mən Suriyaya qarşı sanksiyaların dayandırılması barədə göstəriş verəcəyəm ki, onlara yenidən böyümək üçün bir şans verilsin”. O, müvafiq qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla vəziyyəti müzakirə etdikdən sonra verdiyini açıqlayıb. Türkiyənin dövlət xəbər agentliyi “Anadolu” məlumat yayıb ki, Ərdoğan Ər-Riyadda Tramp, Məhəmməd bin Salman və Suriya prezidenti Əhməd əş-Şaraanın bir araya gəldiyi görüşə onlayn qatılıb. Tramp sanksiyaların dəqiq nə vaxt götürüləcəyini açıqlamayıb. O əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani arasında görüş keçiriləcək.

Dəməşq Trampın sanksiyaların ləğvi ilə bağlı açıqlamasını alqışlayıb. Əsəd əş-Şeybani SANA-ya verdiyi müsahibədə bildirib: “Bu sanksiyalar daha əvvəl keçmiş diktator Əsəd rejiminə qarşı tətbiq olunsa da və onun süqutuna töhfə versə də, hazırda onlar birbaşa Suriya xalqına təsir göstərir və müharibədən sonrakı bərpa və yenidənqurma prosesinə mane olur”. ABŞ sanksiyalarının tezliklə ləğvi xəbəri Suriyada sevinclə qarşılanıb. DPA agentliyi xəbər verib ki, Dəməşq, Homs və digər şəhərlərdə suriyalılar kütləvi şəkildə meydanlara çıxıblar. “The Times” daha əvvəl yazıb ki, Suriya lideri əş-Şaraa Trampa Vaşinqtonun Kiyevlə imzaladığı sazişə bənzər, təbii resurslarla bağlı bir saziş təklif edib. Nəşrin mənbələri bildirib ki, Suriyanın paytaxtında “Tramp Tower”in tikintisi ideyası da müzakirə olunub. Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib və keçmiş prezident Rusiyaya qaçıb. Əsəd devrildikdən sonra Əhməd əş-Şaraa Suriyanın keçid prezidenti olub. İndi onun qarşısında Suriyanın yenidən qurulması məsələsi dayanır. Azərbaycan bu məsələdə Suriyaya müvafiq dəstək verir. ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğvi isə prosesə əlavə dəstək verir. Digər ölkələr, o cümlədən Türkiyə Suriyanın bərpasında yaxından iştirak edir. Qətər və Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan təxminən 15 milyon dollarlıq borcunu ödəməyi öhdələrinə götürüblər. Bundan əlavə, keçid hökumətinin maliyyə naziri Məhəmməd Yasir Barniyə açıqlayıb ki, Qətər üç ay ərzində Suriyaya hər ay 29 milyon dollar maaş fondu üçün vəsait ayıracaq və bu müddət daha sonra uzadıla bilər. Bu qrant ABŞ sanksiyalarından azad edilib və səhiyyə, təhsil, sosial xidmətlər sahəsində çalışan işçilərin maaşlarının, eləcə də hərbi xidmətdə olmayan şəxslərin pensiyalarının ödənilməsi üçün istifadə ediləcək.

Ramil QULİYEV

Избранный
0
50
baki-xeber.com

10Источники