RU

Oqtay Qasımov: “PKK ləğv edilmir, adı dəyişdirilir” - MÜSAHİBƏ

BAKI, 13 may. TELEQRAF

Politoloq Oqtay Qasımov PKK terror təşkilatının özünüləğv qərarı və bundan sonrakı proseslə bağlı “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- PKK terror təşkilatı özünüləğv və tərksilah qərarı verdi. Nəhayət, deyə bilərikmi ki, PKK məsələsi bitir? Tarixdə belə nümunələr olub, məsələn, bir müddət Britaniyaya qarşı separatçı-terrorçu fəaliyyətlərlə məşğul olan “Şimali İrlandiya Azadlıq Ordusu”, Kolumbiyada “İnqilabçı Silahlı Qüvvələr” (FARC) sonradan özlərini ləğv edərək, siyasi fəaliyyətlərə keçmişdilər. PKK ilə bağlı belə bir durum gözləniləndirmi?

- PKK-nın bu qərarı müsbət sayılsa da, amma bu, Türkiyə və ətrafında terrorun bitməsi anlamına gəlmir. Sizin dediyiniz “Şimali İrlandiya Ordusu”, FARC və ETA (“Bask Ölkəsi və Azadlıq”) bir ad altında fəaliyyət göstərən təşkilatlar olub, sonradan terrorçu fəaliyyətlərini dayandırıb, siyasi mərhələyə keçid ediblər. Hazırda siyasiləşmiş təşkilat Şimali İrlandiyada hökumətdə də təmsil olunur. Amma PKK ilə bağlı bir çox ziddiyyətli məqamlar var.

Təşkilat yalnız PKK adı altında fəaliyyətlərini dayandıracağını bəyan edir. Kürd separatizmi müxtəlif adlat altında fəaliyyət göstərir. Bura PKK ilə yanaşı, KCK, YPG və sair daxildir. Yəni PKK adı altında fəaliyyətdən imtina olunur, söhbət bütün fəaliyyətlərdən imtinadan getmir. Fəaliyyətlər müxtəlif adlar atında davam edə bilər. Digər yandan, bəzi şərtlər irəli sürürlər. Məsələn, silahların təhvil verilməsi qarşılığında Abdullah Öcalanın azadlığa buraxılmasını istəyirlər. Bundan başqa, Türkiyə dövlətinin quruluş sənədi olan Lozanna müqaviləsi və 1924-cü ildə qəbul olunmuş Türkiyə Cümhuriyyətinin ilk Konstitusiyası ilə bağlı iddialar irəli sürürlər. Bütün bunlar PKK-nın səmimi şəkildə öz fəaliyyətlərindən əl çəkdiyini göstərmir.

Ümumilikdə proses, 47 illik əliqanlı təşkilatın ləğvi qərarı müsbət dəyərləndirilsə də, nəzərə almaq lazımdır ki, bu, olduqca mürəkkəb məsələdir. Bundan sonrakı mərhələdə silahların təhvil verilməsi, təşkilatın başında duran 300-ə yaxın şəxsin xarici ölkələrə göndərilməsi, PKK-nın fəaliyyətlərində iştirak etmiş Türkiyə vətəndaşlarının geri dönməsi və sair kimi mürəkkəb məsələlər var. Bəli, ilk baxışda böyük bir hadisədir. Türkiyə dövləti öz gücünü göstərərək, bu terror təşkilatını tərksilaha məcbur etdi. Amma bu o demək deyil ki, Yaxın Şərqdə Türkiyənin müəyyən ərazilərini də əhatə edən “kürd dövləti”nin qurulması layihəsi arxa plana atılır. Məsələləri qarışdırmalı deyilik.

- Abdullah Öcalanın mümkün azadlığı məsələsinə diqqət çəkdiniz, terror düşərgəsində onu barəsində əfv gözləntisi hökm sürür. Öcalan başlayan prosesin tərkib hissəsi kimi azad oluna bilərmi?

- Məncə, yaxın zamanlarda gerçəkləşməyəcək. Məlumata görə, onun İmralıda (həbsxana) qalması məsələsi razılaşdırılıb. Bu da onun təhlükəsizliyi kimi məsələlərlə əlaqədardır. Yəni düşünmürəm ki, yaxın zaman üçün belə bir qərar veriləcək. Amma heç vaxt “heç vaxt olmayacaq” demək lazım deyil. Bu, prosesin gedişatından asılı olacaq. Dediyim kimi, bu, kifayət qədər mürəkkəb prosesdir.

Təxminən 15 il öncə də Türkiyədə “Açılım” prosesi başlamışdı. O zaman da ümidlər vardı ki, PKK silahı yerə qoyacaq, terror dayanacaq. Amma sonra müəyyən boşluqlar oldu və PKK qruplaşmaları Türkiyənin cənub-şərq vilayətlərində ciddi şəkildə gücləndilər və bəzi əraziləri nəzarətə götürdülər. 2016-cı ildə Türkiyə Silahlı Qüvvələri və Jandarmının terroru sonlandırmaq üçün hansı fədakarlıqları etdiklərini görmüşük.

PKK özünü bitirdiyini bəyan edir, amma ona bağlı qruplaşmalar var. Məsələn, PKK-nın İrandakı qanadı PJAK-ın üzvləri təşkilatın Suriyadakı qanadlarına – SDQ/YPG-yə qoşula bilərlər. Başqa sözlə, bizi qarşıda uzunmüddətli proses gözləyir. Abdullah Öcalana gəlincə, onun yaxınlarda azad olunacağını gözləmirəm.

- Əgər məsələ separatçı-terrorçu fəaliyyətlərə birdəfəlik son qoymaq deyilsə, başqa ad altında bu fəaliyyətləri davam etdirməkdirsə, niyə PKK buna getdi və belə bir qərar verdiyini bəyan elədi?

- Nəzərə almaq lazımdır ki, PKK, Avropa İttifaqı, ABŞ və dünyanın digər dövlətləri tərəfindən terror təşkilatları siyahısına alınmış bir strukturdur. Əgər bundan sonra da Türkiyəyə qarşı və Yaxın Şərqdəki separatçı fəaliyyətlərini davam etdirəcəklərsə, adın bir önəmi yoxdur. Əlbəttə, PKK adının ləğvi böyük bir hadisədir, amma bu, həlli uzun zaman tələb edən mürəkkəb məsələdir.

PKK-nı yaradan və onu dəstəkləyən böyük güclərin məqsədləri də bəllidir. Bu, Yaxın Şərqdə “böyük kürd dövləti” qurmaq planıdır. Söhbət Türkiyə, İraq, Suriya və İran ərazilərini əhatə edə biləcək bir “dövlət”dən gedir. Belə bir layihə var. Həmin güclərin bu layihədən imtina etdiklərini düşünmürəm. Buna görə də, həmin terror təşkilatının gələcəkdə başqa ad altında fəaliyyətlərini görə bilərik.

- Prosesinin PYD/SDQ/YPG-yə (Suriya) keçidi məsələsi də gündəmdədir. Ankara bu məsələni Dəməşqlə həll etmək istəyir. Söhbət bu təşkilatın Suriya ordusuna inteqrasiyasından gedir. Artıq SDQ/YPG və Dəməşq arasında anlaşma da var. Bu məsələ necə çözüləcək?

- Ankara və Dəməşqin mövqelərini uzlaşdırmasının PKK-nın silahı buraxmasında önəmli rol oynadığını deyə bilərik. Amma Suriyada hökumət yeni qurulub və özünü gücləndirməsi üçün uzun zamana ehtiyacı var. Suriyanın hərbi-təhlükəsizlik və dövlət sistemi vətəndaş müharibəsi nəticəsində çökmüşdü. İsrail Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı hərbi-təhlükəsizlik obyektləri, zavodlar və digər müəssisələr “özünümüdafiə tədbirləri” çərçivəsində böyük ölçüdə məhv edilib.

SDQ/YPG-nin Suriya ordusuna inteqrasiyasına gəlincə, bu, Əhməd Şaraa və terrorçu Mazlum Kobani arasında bir anlaşma olsa da, hələlik proses həyata keçirilmir. Səbəbi də budur ki, həmin təşkilatı dəstəkləyən dövlətlərin bu məsələ ilə bağlı mövqeləri dəqiqləşməyib. İkincisi, həmin təşkilatın Suriya ordusuna inteqrasiyasının bölgədə terror təhlükəsini zəiflədəcəyini düşünmürəm. Bu, gələcəkdə Suriya ordusunu yenidən milli zəmində bölə bilər.

ABŞ, Avropa İttifaqı və bəzi digər Yaxın Şərq dövlətləri tərəfindən dəstəklənən bir təşkilatdan söhbət gedir. Təşkilatın nizami ordu halına gətirilməsi üçün son 10 ildə ABŞ tərəfindən milyardlarla dollar xərclənib. Yəni bu, təkcə onların iradəsindən asılı olan məsələ deyil. Bu, ABŞ-nin prosesə mövqeyindən asılı olacaq.

- Türkiyədən verilən mesajlar o ehtimalı yaradır ki, hansısa formada Suriya və İraqda bir proses olacaq, Bağdad və Dəməşqdən müsbət siqnallar var. Amma PKK-nın İranda da qanadı (PJAK) var. Tehran Ankaranın gözləntiləri qarşısında hansı yanaşmanı sərgiləyəcək?

- İran da PKK-nı dəstəkləyən ölkələr arasındadır. Təsadüfi deyil ki, PKK-nın bir qolu da İran ərazisində fəaliyyət göstərir. Düzdür, fəaliyyətləri elə də ciddi deyil, İran təhlükəsizlik qüvvələri onları hansısa formada zərərsizləşdirmək imkanlarına malikdir, amma Tehran PJAK-ın saxlanılmasında ona görə maraqlıdır ki, bundan Türkiyəyə qarşı təsir vasitəsi kimi istifadə edir. İran Qərb və ABŞ ilə üzdə nə qədər “düşmən” kimi görünsə də, PKK və bəzi digər məsələlərlə bağlı ortaq mövqeyə malikdirlər. Təsadüfi deyil ki, bir müddət öncə ABŞ və İran nümayəndələri Süleymaniyyədə (İraq) PKK təmsilçiləri ilə bir araya gəlmişdilər.

Əlbəttə, İran terrorun bitməsini və indiyə qədər olan destruktiv fəaliyyətindən əl çəkmək istəyirsə, PJAK-ın fəaliyyətinə son qoyulmalıdır. Amma İranın bunda maraqlı olacağını düşünmürəm. Dediyim kimi, bu, Türkiyəyə qarşı təsir vasitəsi kimi istifadə olunur.

İran öz ərazisində PJAK və ya kürd separatizminə göz yummasının səbəblərindən biri də Güney Azərbaycanla bağlıdır. Tehran bu qruplaşmalardan istifadə edərək, Güneydəki soydaşlarımızı Türkiyə ilə sərhədlərdən uzaqlaşdırır. İranın güney azərbaycanlıların Türkiyə ilə əlaqələrinin əngəllənməsi baxımından, orada bir “bufer zona” yaratmaq kimi niyyətləri də var.

Başqa sözlə, əsas təhlükə yaradan qruplaşmalar Suriya və İraq ərazilərindədir. Qəndil dağında (İraq) onların qərargahları var. İraqın şimalında təxminən 4-4,5 min PKK silahlısının olduğu bildirilir. Suriya da başqa bir mövzudur ki, bu da ABŞ ilə razılaşdırılmış formada həllini tapmalıdır.

Избранный
0
50
teleqraf.com

10Источники