RU

PKK özünü ləğv etdi, ancaq açıq qalan suallar var - Türkiyəli ekspert tarixi qərarı hadisələrin mərkəzindən şərh edir

Türkiyə, ABŞ, Avropa İttifaqı və digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan PKK və ya Kürdüstan Fəhlə Partiyası mayın 12-də özünü buraxdığını elan etdi.

Bu qərar terror təşkilatının həbsdəki lideri və qurucusu Abdullah Öcalanın 27 fevral 2025-ci il tarixdə öz tərəfdarlarına ünvanladığı yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı əsasında verildi.

Öcalanın adından yayılan müraciətdə “Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - deyilirdi.

PKK-nın qərarı: 40 illik münaqişənin sonuna doğru tarixi addım

Ardınca 1 mart 2025-ci ildə PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb və Öcalanın çağırışına cavab verərək qurultay keçirməyə hazır olduğunu bildirib.

Həm ayrı-ayrı rəsmi şəxslər, həm də siyasi ekspertlər bölgədəki geosiyasi vəziyyəti dəyişib 40 ildən artıq davam edən silahlı münaqişənin sona çatması, bölgədə sülhün bərqərar olmasına yön verəcək bu qərarı “tarixi an” adlandırırlar.

Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən bölgədə özünüidarə qurmaq və sözügedən torpaqlara sahib çıxmaq məqsədi ilə Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, törətdiyi hücumlar, terror aktları nəticəsində 40 mindən çox insanın ölümünə səbəb olan təşkilatın bu qərarının bölgədə vəziyyəti hansı yöndə dəyişəcəyi bütün dünyanın diqqətindədir.

Gözlər KCK-nın üzərindədir

Hazırda İraqın Ərbil şəhərində - İraq Kürdüstan Regionunun inzibati mərkəzində bölgədə cərəyan edən hadisələri yaxından izləyən Yaxın Şərq üzrə ekspert, türkiyəli jurnalist Güngör Yavuzaslan son vəziyyəti APA-ya şərh edib.

Güngör Yavuzaslan PKK terror təşkilatının silahı yerə qoyub özünü ləğv etməsi qərarının hələlik yeni olduğunu diqqətə çatdırıb, bundan sonra nələrin baş verəcəyini diqqətlə izləməyin vacibliyini vurğulayıb:

Sağçı təcrübələrindən, silahlardan əl çəkəcəklərmi, təşkilat üzvləri dağlardakı düşərgələrindən enəcəkmi - bunları izləmək lazımdır. Onlar mayın 5-7-də keçirdikləri qurultayda qəbul etdikləri qərarları tarixi qərarlar adlandırıblar. Bu, adi toplantı olsaydı, “tarixi qərar” ifadəsini işlətməz, silahı yerə qoymaq fikrini bu qədər yüksək səslə səsləndirməzdilər. Burada ən vacib məqam qərar mətninin elan olunması və mətnin Öcalanın çağırış mətni ilə üst-üstə düşməsidir. Digər vacib amil odur ki, təşkilatdan başqa heç bir açıq tələb və ya Türkiyədə müzakirələrə səbəb ola biləcək bəndlər gəlməməlidir. Başqa tərəfdən, əsas diqqət PKK, PYD, PJAK və PÇDK-nı bir çətir altına toplayan KCK-nın (Koma Civakên Kurdistanê - Kürdüstan İcmalar Birliyi) hansı addımlar atacağına yönəlməlidir.KCK hansı qərarı verəcək? KCK İdarə Heyəti və ya çətir təşkilat adından da oxşar qərar elan edilməlidir ki, Suriya, İran və digər ölkələrdəki qolları da buna əməl etsinlər. Bu, ən ciddi məqamlardan biridir.Öcalan bütün qruplara çağırışlar göndərir. Bu baxımdan mətndə bunlara diqqət yetirmək lazımdır. Mənbələr bunun bir neçə gün çəkəcəyini söyləyir. Əsas məsələ odur ki, Öcalanın silahları buraxmaq çağırışı sürətlə icra olunmalıdır. Buna əməl edilməlidir, çünki PKK-nın “ierarxik” strukturu daxilində sözdə lider və ya lider olaraq təyin etdikləri Öcalanın simasında toplanan iradəyə əməl etmək məcburiyyətindədirlər. Burada bu detalla yanaşı, KCK-ya diqqət çəkməyimin də səbəbi var. Çünki indi təşkilatda Öcalandan başqa 4-5 qərar verici var. Mənim təəssüratım belədir ki, biz hazırda onların qərarının redaktə edilməsi, yəni, yekun mətn halına salınması prosesindən keçirik”.

Silahların taleyi

Azərbaycanlı

Güngör Yavuzaslan bildirib ki, Türkiyə üçün ən önəmlisi silahın yerə qoyulub, təşkilatın ləğv edilməsidir: “Bu həyata keçərsə, PKK tarixə qoşuşacaq. Bəs terror təşkilatının silahları, pulu necə olacaq, təşkilat rəhbərləri hara gedəcək, Türkiyəyə qayıdanların cəzası və məhkəməsi olacaqmı? Bu kimi məsələlərə də aydınlıq gəlməlidir”.

O bildirib ki, Türkiyə Prezidenti Ərdoğanın verəcəyi qərar və göstərəcəyi yol xəritəsi çox önəmlidir.

Türkiyə hərbçilərinin əməliyyatlarından sonra PKK terror təşkilatı artıq ölkə daxilində heç nə edə bilmir. Şimali İraq və Suriyada isə təşkilati strukturları aradan qaldırmaq, Şimali İraq və Suriyanın şimalını yenidən təhlükəsiz etmək üçün Türkiyə İraq və Suriya ilə əməkdaşlıq edəcək. Hazırda tarixi anlara şahidlik edirik - Türkiyə super güc olma yolunda irəliləməyə davam edir”, - deyə o sözlərini yekunlaşdırıb.

Избранный
0
50
apa.az

10Источники