RU

ABŞ və Cənubi Koreya tarif məsələsini müzakirə edəcək

Mayın 15-də ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn Cənubi Koreyaya başlayacaq ikigünlük səfəri zamanı idxal rüsumu müzakirə olunacaq.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Ceymison Qrir Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cecu adasında keçiriləcək ticarət nazirləri toplantısında iştirak edəcək.

Səfər zamanı Cənubi Koreyanın sənaye naziri Ahn Duk-kın və digər rəsmilərlə görüşdə iki ölkə arasında ticarət məsələləri, o cümlədən ABŞ-ın Cənubi Koreya mallarına tətbiq etdiyi 25 faizlik idxal rüsumu məsələsi də müzakirə olunacaq. Düzdür, Vaşinqton Cənubi Koreya mallarına rüsumların tətbiqini 3 aylıq müddətə təxirə salıb. Bununla belə, rəsmi Seul ABŞ-dan rüsum məsələsində istisna axtarışındadır.

Cənubi Koreya və ABŞ apreldə Vaşinqtonda ticarət məsələsinə dair ticarət və maliyyə nazirlərinin iştirakı ilə “2+2” formatında danışıqlar aparıb. Həmin görüşdə tərəflər Donald Trampın qarşılıqlı tarifləri üzrə elan etdiyi 90 günlük fasilənin başa çatmasınadək ABŞ-ın Cənubi Koreya mallarına tətbiq etdiyi tarifləri aradan qaldırmağa yönəlmiş sövdələşmənin hazırlanması barədə razılığa gəliblər.

Qeyd edək ki, yanvarda prezident vəzifəsinin icrasına başlayan Donald Trampın rüsum qərarlarından sonra bir çox ölkə ABŞ hökuməti ilə ticarət məsələsinə dair danışıqlara başlayıb. Artıq Böyük Britaniya ilə ticarət razılaşması əldə olunub. Mayın 10-11-də Cenevrədə keçirilmiş danışıqlarda isə Çin ilə tariflərin qarşılıqlı olaraq 90 gün müddətinə azaldılması barədə razılıq əldə olunub. Hindistan, Yaponiya kimi iri iqtisadiyyatları olan ölkələrlə danışıqlar davam edir.

Избранный
0
43
yeniazerbaycan.com

10Источники