Mayın 10-da Ağdam Muğam Mərkəzinin açılış mərasimində səslənən “Qarabağ şikəstəsi” təkcə musiqi nömrəsi deyildi, bu, zamanın səsi, yaddaşın oyanışı idi. Uşaqların dilindən səslənən bu muğam Prezident İlham Əliyevi kövrəltdiyi kimi, bütün Azərbaycan xalqının da qəlbinə toxundu. Bu ifa dağıdılmış şəhərdə həyatın yenidən başlanmasının simvoluna çevrildi.
Bu səs illərlə susdurulmuş torpağın danışmağa başlaması, boşalmış yurd yerlərinə qayıdan xalqın öz kimliyini yenidən xatırlaması idi. “Qarabağ şikəstəsi” Ağdamda səslənərkən, bu torpağın muğamla nəfəs aldığı yadımıza düşdü. Bu ifa muğam məktəbinin əsası olan Ağdamın təkcə binalarla yox, ruhla, səslə, sənətlə dirçəlməsinin rəmzi idi.
Balaca xanəndələrin çıxışı Qarabağ torpağında mədəniyyətin dirçəlişini nümayiş etdirməklə yanaşı, həm də gələcək nəsillərə verilən ümid mesajı idi: Ağdam yenidən oxuyacaq, çalacaq, yaşayıb yaradacaq.
Bu ümidi bizə ilk yaşadan Prezident, əsgərlərimiz idisə, onu Azərbaycana yenidən hiss etdirən də əslən Qarabağdan olan, bu bölgənin ənənələrini balaca ürəklərində yaşadan, həm də onun qələbəsinin şahidi olan üç muğam ifaçısı idi.
Ağdam rayonunun Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynova Modern.az-a bildirib ki, Əhəd Ağayev, Türrə Hüseynova və Rüfət Axundov Müşfiqabad qəsəbəsində köçkun şəhərciyində yerləşən Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləridir.
“Əhəd Ağayev xanəndəlik ixtisası üzrə üçüncü, Türrə Hüseynova ikinci, Rüfət Axundov isə beşinci sinif şagirdidir. Rüfət əslən Şuşadan, Əhəd və Türrə isə Ağdam rayonundandır”.
“Uşaqların ifasının bu qədər təsirli və dərin duyğular yaratmasının əsas səbəbi onların əslən Qarabağdan olmasıdır. Uşaqlar Bakıda doğulsalar da, hər bir azərbaycanlı kimi ailədən, məktəbdən gələn vətən sevgisi ruhunda böyüyüblər. İşğaldan azad olunandan sonra uşaqlar həmin əraziləri də gəzib, vətəni daha yaxından görüb, duyublar”,- deyə o bildirib.
Uşaqların hazırlıq mərhələsindən də danışan direktor vurğulayıb ki, “Qarabağ şikəstəsi” onlara məktəb proqramı çərçivəsində öyrədilir:
“Seçim olaraq 1 ay əvvəl İcra hakimiyyəti tərəfindən bizə müraciət olunmuşdu. Konsert proqramı haqqında əvvəlcədən məlumat vermişdilər, biz də uşaqlarımızın ifasını onlara göndərmişdik, dinləyib çox bəyənmişdilər.
Uşaqlar özləri də bu qürurverici günün fərqində idilər, çox fəxr edirdilər ki, Qarabağda, Ağdam Muğam Mərkəzinin açılışında “Qarabağ şikəstəsi”ni məhz onlar ifa edəcəklər. Uşaqlarımız tədbirlərdə, konsertlərdə çox çıxış ediblər, amma bu cür möhtəşəm, böyük tədbirdə ilk dəfə idi ifa edirdilər”.
“Mən özüm də uşaqlarla danışmışdım, özləri də deyirdilər ki, onlar muğamımızı yad yerdə yox, dədə-baba torpaqlarında ifa edəcəklər. Ağdamın yenidən dirçəlməsi, orada Muğam Mərkəzinin fəaliyyətə başlaması, qüruruverici hissdir”,- deyə A. Hüseynova sonda qeyd edib.