RU

Top Moskvanın meydançasındadır - Ukrayna Prezident Aparatının rəhbəri

Rusiya prezidenti Vladimir Putin mayın 12-də atəşkəsdən faktiki olaraq imtina etdi, lakin bu, Ukrayna üçün sürpriz olmadı.

Modern.az xəbər verir ki, bunu RBC-Ukrayna nəşrinə müsahibəsində Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

“Düşünürəm ki, bu, ukraynalılar üçün xəbər deyil. Biz işğalçı ilə illərdir danışıqlar aparırıq və bilirik ki, onlar vaxta necə tab gətirə bilirlər. Ukrayna ədalətli və davamlı sülhə çalışır. Ona görə də biz bu barədə birbaşa bütün səviyyələrdə danışırıq", - Yermak vurğulayıb.

O əlavə edib ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır və Rusiyanı sülh prosesinə xələl gətirməklə bağlı ittiham etməyə əsas verməyəcək.

Yermak qeyd edib ki, əgər Rusiya həqiqətən də danışıqlara hazırdırsa, ABŞ və onun avropalı tərəfdaşlarının 30 günlük hərtərəfli atəşkəslə bağlı təkliflərini qəbul etməlidir.

“Bu mövqe aydın şəkildə ifadə olunub və biz bunu tərəfdaşlarla təmaslarda dəfələrlə ifadə etmişik. Bu gün top Moskvanın meydançasındadır. Əgər Kreml həqiqətən də sülhdə maraqlıdırsa, o, nə edəcəyini bilir. Ukrayna sülh tərəfdarıdır, lakin Rusiyanın imitasiyasına görə deyil", - Ukrayna prezidentinin aparat rəhbəri deyib.

Mayın 10-da Vladimir Zelenski Avropa liderləri ilə birlikdə Putinə ultimatum təqdim edib: Ya Rusiya mayın 12-dən başlayaraq hərtərəfli, qeyd-şərtsiz atəşkəslə razılaşacaq, ya da Avropa və Amerikadan yeni sanksiyalar paketi ilə üzləşəcək.

Rusiya prezidenti daha sonra atəşkəs təklifinə birbaşa cavab verməkdən yayındığı bəyanatla çıxış edib, lakin Türkiyədə Ukrayna ilə birbaşa danışıqlara başlamağı təklif edib.

Donald Tramp sosial şəbəkədə buna cavab verərək, Ukraynanı Türkiyədə Rusiya ilə danışıqlara dərhal razılaşmağa çağırıb.

Zelenski cümə axşamı Türkiyəyə gələcəyini və Putinin də danışıqlarda iştirak edəcəyinə ümid etdiyini bildirib.

Избранный
0
modern.az

1Источники