Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, qonaqları salamlayan Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib.
O bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Latviya ilə iqtisadi və ticari əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin, eləcə də böyük tranzit potensialının olduğunu xatırladan Məcnun Məmmədov əlavə edib ki, latviyalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, Latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya isə ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

