RU

Yaz yorğunluğu canımızdan çıxmır:  XİLAS YOLLARI

Yaz aylarında insanlarda halsızlıq, yuxululuq, diqqət dağınıqlığı və ümumi yorğunluq hissi müşahidə olunur.

Bu hal, tibbdə "yaz yorğunluğu" kimi tanınır və əsasən mövsüm dəyişikliyi ilə əlaqələndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-terapevt Sübhan Hacıyevin sözlərinə görə, insan təbiətlə çox sıx əlaqədədir və təsadüfi deyil ki, təbiətdə baş verən bütün dəyişikliklər insana təsir edir:

"Eləcə də, qışdan yaza keçid dövründə orqanizm resurs tükənməsi yaşayır. Bunun isə, təbii ki, tibb elmində həm fizioloji, həm də psixoloji aspektlərdən izahı var".

Sübhan Hacıyev: Bunun səbəblərindən biri melatonin və serotonin hormonlarında baş verən dəyişikliklərdir

Həkim-terapevt qeyd edib ki, yaz yorğunluğunun səbəblərindən biri melatonin və serotonin hormonlarında baş verən dəyişikliklərdir:

“Bildiyimiz kimi, qış aylarında gecələr uzun olur. Bunun nəticəsində melatonin hormonu daha çox ifraz olunur və insan daha çox istirahətə meyilli olur. Lakin günün işıqlı saatlarının uzanması nəticəsində xoşbəxtlik hormonu olan serotoninin artması insanlarda hormonal balansın pozulmasına və müəyyən narahatlıqların yaranmasına səbəb olur”.

Onun sözlərinə görə, vitamin əskikliyi də özünü yaz aylarında daha çox büruzə verir:

“Qış aylarında vitaminsiz qalmağımız, azhərəkətli həyat tərzi də yaz yorğunluğuna səbəb olan amillərdəndir”.

Yaz yorğunluğunun psixologiyasından bəhs edən psixoloq Zeynəb Eyyubova Bakıvaxtı.az-a deyib ki, psixoloji baxımdan, qış aylarında orqanizm daha çox istirahət rejiminə alışır, günlər qısa olur, günəş işığı az olur və bu da bədəndə serotonin və melatonin kimi hormonların balansını dəyişə bilər:

"Yaz aylarında havaların isinməsi, günlərin uzanması ilə birlikdə bədən bu yeni rejimə adaptasiya olmağa çalışır. Bu keçid dövründə bəzi insanlarda yuxusuzluq, narahatlıq, enerjisizlik, hətta yüngül depressiv əlamətlər müşahidə oluna bilər".

Zeynəb Eyyubova: Bu dövrdə bəzi insanlarda yuxusuzluq, narahatlıq, hətta yüngül depressiv əlamətlər müşahidə oluna bilər

Psixoloq qeyd edib ki, bununla yanaşı, yaz ayları yeni planlar, məqsədlər və sosial fəaliyyətlər üçün təzyiq yarada bilər:

"İnsanlar “aktiv olmalıyam”, “nəsə etməliyəm” düşüncəsi ilə daxili narahatlıq hiss edə bilərlər. Bu hal adətən müvəqqəti olur. Lakin uzunmüddətli davam edərsə və gündəlik funksiyaları pozarsa, bir psixoloqdan dəstək almaq faydalı olar".

Psixoloq tövsiyə edir  ki, gün ərzində günəş işığından faydalanmaq, yüngül fiziki fəaliyyətlə məşğul olmaq, sağlam və balanslı qidalanmaq, yuxu rejiminə diqqət yetirmək və ehtiyac olduqda istirahətə zaman ayırmaq vacibdir.

“Unutmayaq ki, bədənimiz dəyişən fəsillərə uyğunlaşmağa çalışır və bu dövrdə özümüzə qarşı daha şəfqətli, anlayışlı olmaq son dərəcə önəmlidir",- deyə Zeynəb Eyyubova vurğulayıb.

Nuriyyə Musayeva

Избранный
0
bakivaxti.az

1Источники