Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Əmir Ələkbərovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə bu ilin əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, Əmir Ələkbərov qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı, zərərçəkmiş Günay Səfərova (ad, soyadı şərti) ilə mübahisə edib. Buna səbəb isə qadının ona növbəti dəfə evə gec gəlməsi və maddi dəstək olmaması ilə bağlı irad bildirməsi olub. Bu zaman Əmir qadının üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun qulaq, göz, çənə, sifət, baş, boyun, qol və bədəninin müxtəlif nahiyələrindən ardıcıl vuraraq, yüngül zərər vurub.
Hadisədən sonra Əmir Ələkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Əmir Ələkbərov rəsmi olaraq evlidir, iki azyaşlı uşağı var. O, Günay ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayıb. (Pravda)
Bizim.Media