RU

“Səbail” müəmması…

Vaxtilə Maykl Essyen kimi məşhur futbolçunu heyətinə qatmış “Səbail” Premyer Liqadan düşdü. AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayevin, “oğluma təzə bir məşğuliyyət tapdıq” deyib təqdim etdiyi adıçəkilən klubun Bayıldakı bazası milli komandanın ehtiyat bazası sayılırdı. Heç o funksionallığını da görmədik…

Bəs “Səbail”in bundan sonrakı taleyi necə olacaq? İlk dəfə APL-i tərk edən bu klubun I Liqada mübarizə aparmaq, “Qəbələ” kimi yenidən elitaya qayıtmaq kimi perspektivləri barədə nə düşünmək olar?

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bu və bu kimi sualların heç birinə dəqiq cavab verə bilmədi. Məmmədov bildirdi ki, qarşıdakı həftə gələcək barədə dəqiq məlumat olacaq.

APL ilə I Liqa arasında SOCAR dotasiyası kəskin fərqlənir. Belə çıxır ki, “Səbail” yenidən, büdcəyə uyğun heyət formalaşdırmalıdır.

Az əvvəl “Qəbələ” nümunəsi çəkildi, lakin xatırladaq ki, infrastrukturun saxlanması adı ilə AFFA xəttiylə bölgə təmsilçisinə 700 manat əlahiddə dotasiya ayrılmışdı. “Səbail”i isə belə şans gözləmir və sponsor məsələsinin də sual altında olduğunu nəzərə alsaq klubun I Liqada necə davam edəcəyi belə qaranlıqdır.

Nəzərə alsaq ki, növbəti mövsüm I Liqada “Şəfa”, “Şahdağ” və s. imkanlı klublar çıxış edəcək, belədə APL-ə qayıtmaq niyyətilə özünü motivasiya edib klubda işə davam etmək istəyənlər də çox az ola bilər.

Bu günə olan son durum “Səbail” haqda pozitiv heç nə vəd etmir, qalır yaxın günlərdə rəhbərliyin keçirəcəyi görüşdə ortaya çıxacaq nəticələr…

Kamil Əhməd

Избранный
0
futbolpress.az

1Источники