RU

Qurban Qurbanov: “Bəzi texniki səhvlərin olması normaldır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün hamısı qalib gəlmək istəyirdi və 90 dəqiqə özünü yaxşı tərəfdən göstərməyə çalışdılar. Ümumilikdə futbolçularımın oyuna yanaşmalarından razı qaldım. Bəzi texniki səhvlərin olması normaldır. Ancaq əvvəldən sona qədər qalib gəlmək üçün xeyli güc sərf etdilər. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə də təşəkkür edirəm”.

Qurban Qurbanov Premyer Liqanın digər klublarındakı yerli və legioner futbolçuları diqqətlə izlədiklərini gizlətməyib:

“Yerli çempionatımızda yaxşı legionerlər var. Mənim diqqətimi cəlb edənlər var. Amma onlar öz komandalarının aparıcı oyunçularıdır. Ona görə buna bir o qədər də ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox kənardan oyunçu dəvət etmək istəyirik. Hər bir halda, daim hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə bizim digər klub rəhbərləri ilə yaxşı münasibətimiz var. Bəzən öz aramızda danışırıq ki, bizim oyunçulara dəyməyin (gülür). Ona görə bizim digər klublarımızdan legioner almağımız o qədər də inandırıcı görünmür”.

Qurban Qurbanov mövsüm bitən kimi klub rəhbərliyi ilə heyəti gücləndirməklə bağlı müzakirələrin aparılacağını təsdiqləyib:

“Yekunda hər şeyi ətraflı müzakirə edirik. Amma transferlər haqda düşünməyə yalnız mövsüm bitəndən sonra başlamırıq. Bu, rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı daim davam etdiririk. Hazırda isə bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik”.

“Qarabağ” bizdən qat-qat üstün və istəkli idi”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Oyun barədə çox danışa bilməyəcəyəm. Çox zəif oynadıq. “Qarabağ” bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşma ilə həmin oyunlara hazırlaşmalıyıq.

Ramon Maçado da bu gün ən zəif oyununu göstərdi. Limitə girdiyindən gələn oyunu da düşündük. Komanda olaraq zəif oynadıq. Onu da qəbul etmək lazımdır. Bir az rahatlıq da var idi. Dünənki oyunun nəticəsi futbolçulara təsir etmişdi. Rəqib də bizdən üstün idi. İnanıram ki, bu oyun bir silkələnmə olacaq və müsbət futbolçularıma təsir edəcək”.

Избранный
0
arena.az

1Источники