BAKI, TurkicWorld
HƏMAS-ın nümayəndələri Qəzza zolağında atəşkəs məsələsi ilə bağlı ABŞ administrasiyası ilə birbaşa danışıqlar aparırlar.
TurkicWorld xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
Məlumata əsasən, danışıqlar son bir neçə gündə davam edir. Nümayəndə heyətlərinin tərkibi açıqlanmır. Müzakirələr Qəzzaya humanitar yardımın bərpası və atəşkəslə bağlı məsələləri əhatə edir. Hazırda əlavə detallar paylaşılmayıb.
HƏMAS bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, mayın 7-də HƏMAS ilə İsrail arasında dolayı danışıqlarda vasitəçilik edən Misir və Qətər humanitar yardımların çatdırılması və paylanmasına ABŞ-ın birbaşa nəzarət etməsini tələb edirlər. Qahirə və Doha Birləşmiş Ştatlara İsrailə bu məsuliyyətin verilməsi təklifini rədd etdiklərini bildirmişdilər.
Vasitəçi ölkələrin təklifi bir neçə humanitar dəhlizin açılmasını və əhaliyə yardımların paylanması üçün xüsusi məntəqələrin yaradılmasını da nəzərdə tutur.
Xatırladaq ki, martın 2-də İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardımın dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını bəyan etmişdi. İsrail tərəfi bu qərarın HƏMAS-ın ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun atəşkəs rejiminin uzadılmasına dair planını rədd etməsi ilə bağlı olduğunu bildirmişdi. Martın 18-də isə İsrail ordusu Qəzzaya qarşı hərbi əməliyyatlara yenidən başlayaraq, yanvar ayında əldə olunmuş atəşkəs rejimini pozmuşdu.