Cənubi Koreyanın sabiq əmək naziri Kim Mun Su hakim Xalqın Gücü Partiyasının ölkə prezidentliyinə namizədi olacaq.
Korrespondent.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyası mayın 11-də sabiq nazirin namizədliyini qeydə alıb.
Partiya üzvlərinin əksəriyyəti Kim Mun Sunun partiyanın namizədi kimi keçmiş baş nazir Han Duk Su ilə əvəzlənməsi təklifini rədd edib. Han Duk Su prezident seçkisində namizəd olmaq üçün baş nazir vəzifəsindən istefa verib. O, partiyanın qərarına hörmət etdiyini və Kim Mun Sunu dəstəyləyəcəyini deyib.
Mərkəzi Seçki Komissiyası daha əvvəl əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi kimi Li Ce Myunqun və Yeni İslahat Partiyasının lideri Li Cun Sokun namizədliyini qeydə alıb.
Qeyd edək ki, Yun Sok Yolun ölkədə qısamüddətli hərbi vəziyyət elanına görə prezident vəzifəsindən uzaqlaşdırlmasından sonra Nazirlər Kabinetinin iyunun 3-nə prezident seçkisi təyin edib. Mayın 12-dən seçkiqabağı təşviqat kampaniyası başlayacaq. Yeni seçilmiş prezident seçkilərin nəticələrindən dərhal sonra keçid komandası olmadan səlahiyyətlərinin icrasına başlayacaq.