RU

"İran özünün nüvə hüquqlarından heç vaxt imtina etməyəcək" - Abbas Araqçı

"Bu, İran xalqının hüququdur və nə danışıqlar, nə də güzəştlər mövzusu deyil..."
 
İran nümayəndə heyəti Müsqata gəlib və ABŞ-la dördüncü danışıqlar raunduna hazırlaşır. Danışıqların bu gün yerli vaxtla günorta saatlarında başlanması gözlənilir. Görüş yerini Oman xarici işlər naziri müəyyən edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "İran İnternational" nəşri məlumat verib. Məlumatı "israelinfo.co" nəşri yayıb.
 
İranın Ali dini lideri Əli Xameneinin nümayəndəsinin nəzarətində fəaliyyət göstərən "Kayhan" qəzeti yazıb ki, ABŞ-la istənilən gələcək danışıqlar yalnız Donald Trampın üzr istəməsi ilə başlaya bilər, əks halda danışıqlar baş tutmayacaq. Trampın guya Fars körfəzinin adını Ərəb körfəzi ilə əvəzləmək fikrini dilə gətirdiyinə görə üzr istəməli olduğu bildirilir.
 
Məqalədə Donald Tramp "prezidentdən çox diktator-kralı xatırladan, özünəvurğun insanabənzər fiqur" adlandırılır. ABŞ prezidentinin komandası isə qaniçənlər dəstəsi kimi təsvir olunur.
 
İran xarici işlər naziri Abbas Araqçı bəyan edib ki, qarşıdan gələn danışıqlarda əsas problemlərdən biri Birləşmiş Ştatların tutduğu "ziddiyyətli mövqelərdir".
 
Araqçı deyib: "Əgər danışıqların məqsədi İranı nüvə hüquqlarından məhrum etməkdirsə, açıq şəkildə bildirirəm ki, İran bu hüquqlardan heç birindən imtina etməyəcək. ABŞ-la dolayı danışıqlarda İran sülhməramlı atom enerjisinə olan hüququnu vurğulayır və aydın şəkildə bildirir ki, nüvə silahı əldə etməyə can atmır", - nazir bəyan edib.
 
"Nüvə proqramımız hüquqi və qanuni əsaslar üzərində qurulub. Onun bütün aspektləri dinc xarakter daşıyır və daim Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında olub və olacaq. Bu, İran xalqının hüququdur və nə danışıqlar, nə də güzəştlər mövzusu deyil", - İran diplomatiyasının rəhbəri bir daha təkrarlayıb.
 
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai isə bəyan edib ki, İran nümayəndə heyəti "ölkədə qərarların qəbul olunma iyerarxiyasının müəyyən etdiyi çərçivə və təlimatlara uyğun hərəkət edəcək" və İran xalqının maraqlarını qorumaq üçün "əllərindən gələni edəcək". "Komanda sülhməramlı nüvə enerjisi sahəsində İranın əldə etdiyi dəyərli nailiyyətləri qorumağa və eyni zamanda ədalətsiz iqtisadi sanksiyaların aradan qaldırılmasına nail olmağa çalışır", - Baqai əlavə edib.
 
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Trampın adından Tehranla danışıqlar aparan Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-ın mövqeyini açıqlayıb: "Onların zənginləşdirmə obyektləri sökülməlidir. Sentrifuqalar olmamalıdır".
 
Bundan sonra İranın "Press TV" dövlət televiziyası yüksək vəzifəli İran rəsmisinə istinadən bildirib ki, Ağ Evin xüsusi nümayəndəsinin bu çağırışı "İran xalqının ABŞ-ın maksimum təzyiq siyasətindən əl çəkmədiyinə dair şübhələrini təsdiqləyir".
Избранный
0
1
moderator.az

2Источники