RU

Çətin vaxtlarda necə lider olmalı? - Komandanı ayaqda saxlayan 5 real strategiya

Müasir dövrdə qeyri-müəyyənlik artıq həyatın əsas xüsusiyyətlərindən birinə çevrilib. Bu da təşkilat rəhbərlərinin tez bir zamanda qərarlar qəbul etməsini və sabitliyi qoruyub saxlamaq üçün əlavə səylər göstərməsini zəruri edir. Eyni zamanda bu qeyri-müəyyənlik birbaşa əməkdaşlara da təsir edir.

Belə şəraitdə liderlərin əsas vəzifəsi komandalarını dəstəkləmək, onlara aydın istiqamət vermək və çeviklik aşılayaraq dəyişkən dünyada yol tapmalarına kömək etməkdir. Mark K. Krouli öz peşəkar təcrübəsinə əsaslanaraq qeyd edir ki, xaosu idarə etmək mümkün deyil, lakin komandaları xaosa baxmayaraq uğurlu fəaliyyətə yönəltmək olar. 

Valyuta.az liderlərin qeyri-müəyyənlik şəraitində komandalarına dəstək verməsi üçün 5 əsas strategiyanı təqdim edir:

1. Məntiqli nikbin olun

Pessimizm iş yerində yaradıcılığı boğur, məhsuldarlığı azaldır və perspektivi daraldır. Ancaq reallıqdan uzaq optimizm də təhlükəlidir. Liderlər həm ruhlandırıcı, həm də gerçəkçi olmalıdır. “Same As Ever” kitabında Morqan Hausel rəhbərləri “məntiqli nikbin” olmağa çağırır. Yəni, çətinliklərin olacağını qəbul etməklə yanaşı, onların öhdəsindən gəlmək mümkün olduğuna inam yaratmaq vacibdir. 

2. Komanda birliyi və mənsubiyyət hissi yaradın

Qeyri-müəyyən dövrlərdə “hamımız birlikdəyik” düşüncəsi əməkdaşlar arasında həmrəylik və dəstək hissini gücləndirir. Liderlər əlaqəni və qarşılıqlı dəstəyi təşviq etməklə insanlar arasında təhlükəsizlik və inam hissi yaradırlar. Tədqiqatlar göstərir ki, mənsubiyyət hissi komanda davamlılığının əsas sütunudur. Fərqliliyin qəbul edildiyi və hər kəsin səsinin eşidildiyi mühitlərdə əməkdaşlar daha güclü performans göstərirlər.

3. Komandanın dayanıqlığını əvvəlcədən qurun

Krizis yaranmazdan əvvəl komandalar risk və dəyişikliklərə emosional cəhətdən hazırlıqlı olmalıdır. Liderlər müntəzəm olaraq “nə olarsa” sualları ilə əməkdaşları düşündürməli, onları situativ çevikliyin artırılması üçün birgə həll yolları tapmağa təşviq etməlidir. Eyni zamanda, liderlər öz davranışları ilə nümunə göstərməli, çətin anlarda sakit qalmağı və optimizmi nümayiş etdirməyi bacarmalıdırlar.

4. Məlumat yox, hekayələrlə təsir göstərin

Morqan Hausel qeyd edir ki, insanlar rəqəmlərlə yox, hekayələrlə düşünürlər. Əməkdaşlara keçmiş çətinliklər və onların necə dəf olunduğu barədə real hekayələr danışmaq motivasiya üçün daha effektivdir. Hekayələr mürəkkəb situasiyaları sadə və anlaşılan edir, emosional əlaqə yaradır və hərəkətə keçməyə təkan verir.

5. Gözləntiləri düzgün qurun

Gözlənilməzliklər zamanı layihələr təxirə düşə və komanda çətinliyə düşə bilər. Bu zaman təzyiq göstərmək əvəzinə, liderlər səbirli olmalı və komandanın nəzarət edə bildiyi sahələrə, səylərinə fokuslanmalıdırlar. Məşhur misalda göstərildiyi kimi, “Disney” 1970-ci illərdə səhm dəyəri 70% azaldıqda, şirkət kiçik daxili hədəflər qoyaraq yenidən inkişaf etdi. Bu, ölçülü yanaşmanın motivasiya yaratdığını sübut etdi.

Çətin  dövrlərdə uğur qazanan komandalar birlikdə çalışan, reallığı inkar etmədən nikbin qalan və çevik hərəkət etməyi bacaran komandalardır. Unutmayaq, “Sakit dəniz heç vaxt bacarıqlı dənizçi yetişdirməz”.

Sərvanə Rəmixanova

Избранный
0
valyuta.az

1Источники