Yeni Roma Papası XIV Leo ilk çıxışında Ukraynada ədalətli və davamlı sülhə, Qəzza zolağında dərhal atəşkəsə çağırıb.
Vatikanın Müqəddəs Pyotr Meydanında toplaşan izdiham qarşısında eyvandan çıxış edən Papa dünya dövlətlərinə müraciət edərək “Artıq müharibəyə yox!” deyə çağırış edib.
“Mən sevimli Ukrayna xalqının əzabını ürəyimdə daşıyıram”, – deyən Papa hərbi əsirlərin azad edilməsinə və ukraynalı uşaqların ailələrinə qaytarılmasına çağırıb.
XIV Leo həmçinin Qəzza zolağında davam edən müharibəyə toxunaraq, oradakı döyüşlərin dərhal dayandırılmasını, əziyyət çəkən mülki əhaliyə humanitar yardımın göstərilməsini və bütün girovların azad olunmasını tələb edib.
O, həmçinin Hindistan və Pakistan arasında əldə olunan atəşkəs razılaşmasını da alqışlayıb.
"Associated Press"in məlumatına görə, yeni pontifikin ilk çıxışını dinləmək üçün Müqəddəs Pyotr Meydanına təxminən 100 min insan toplaşıb.
Qeyd edək ki, XIV Leo 8 may tarixində keçirilən konklavda seçilib. O, Roma-Katolik Kilsəsinin tarixində 267-ci Papa, həm də bu vəzifəyə seçilən ilk amerikalıdır. Onun əsil adı Robert Frensis Prevostdur.