“Daha Ağdam olmayacaq. Heç vaxt! Onun xarabalıqları artıq “Akna” adlı tarixi erməni məskəninə gedən yolun başlanğıcıdır”- belə yazırdı Levon Məlik Şahnazaryan.
10 il əvvəl cəhənnəmə vasil olmuş bu devşirmə erməni “Miatsum” hərəkatının ideoloqlarından biri olması ilə qürrələnirdi.
5 il çox yaşasaydı İkinci Qarabağ Savaşında işğalçı Ermənistan ordusunun necə darmadağın edildiyinə, “Kür sahillərinə qədər irəliləmək” planı quranlardan biri kimi başqalarının yardımı ilə torpaq işğal etməyin qaçılmaz sonluğuna şahid olacaqdı.
44 gün ərzində işğalçı ordu hərbi gücünün yarıdan xeyli çoxunu itirdiyindən Ağdamı döyüşsüz təhvil verdi. Başqa yolları da yoxdu: ərazidə cəmlədiyi qoşunların qalıqları ordumuzun Ağdamın arxa istiqamətlərindən həyata keçiriləcək həmlələrlə tam məhv ediləcək, başlarına ələnəcək oddan qaçıb girməyə siçan deşiyi də tapmayacaqlardı.
Necə ki Ermənistanın baş naziri, Anna Akopyanın əri Nikolun Ermənistanın kapitulyasiya aktını hansı siçan deşiyində imzalaması hələ də bəlli deyil.
Anna Akopyanın adını niyə vurğulayıram, axırda deyəcəm.
Amma ona qədər sizə ərz edim İrəvan mediasından.
Azərbaycan prezidenti İlham Əliyev yenə yolunu Qarabağa salıb. Ağdamda açılışlar edib. Dövlət başçısının səfəri milli mediamızda geniş işıqlandırıldığından təfsilata getməyəcəm, bircə onu deyim ki, İrəvandakı xəbər portalları çatlayır.
“Azərbaycan prezidenti İlham Əliyev işğal altındakı Aknada…”- yazaraq metastaz vermiş xəstəliklərinin son sancıları ilə çığırırlar.
Ağdam, əslində, o qədər də qədim yaşayış məskəni deyil, 18-ci əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən salınmış bir məntəqədir, daha sonra şəhərə çevrilib. Çar Rusiyası və Sovet hakimiyyəti dövründə Ağdamın çörəyini yeməyə gələn üç-beş Marağa ermənisini saya salmasaq, bu şəhərdə hayların izi-tozu olmayıb. 2010-cu ildə indi bir çoxu Bakıda hakim qarşısına çıxarılmış “DQR rəhbərliyinin” qərarı ilə Pənahəli xanın tikdirdiyi ilk mülkə görə “Ağdam” adlanmış şəhərin ismini dəyişdirərək “Akna” qoymuşdular.
Ermənilərin qoyduğu ad hər nə qədər tarixi saxtakarlıq nümunəsi və müharibə cinayəti olsa da, “Akna” ilə “Ağdam” arasında çox böyük fərqlər var.
AĞDAM- zəhmətkeşlik, zirəklik, zənginlik, zadəganlıq, zəriflik şəhəridir, zəka və zarafat yurdudur.
AKNA- bir xarabalıqdır, gözəl-göyçək bir şəhərin daşı-daş üstündə qalmayan, şenliyi məhv edilmiş viranxanasıdır.
AĞDAM- deyəndə adamın gözünün qabağına mədəniyyət, incəsənət, elm, təhsil, qalalar, qəsrlər, imarətlər gəlir.
AKNA- vandallığın, barbarlığın, vəhşiliyin, qanmazlığın, qanacaqsızlığın, yağmaçılığın, qarətçiliyin adıdır.
AĞDAM- insaniyyətin, haqqaniyyətin, qüdsiyyətin şəhəridir.
AKNA- anitbəşəriyyətçilik deməkdir, qısaca.
İşğal dövründə “Akna”ya gələnlər olub xaricdən. Gördükləri vandalism qarşısında deməyə söz tapmırlar.