RU

Çempionluğa namizədlər büdrəmədi - İCMAL

Tur “Akron”un Mahaçqala “Dinamo”sunu minimal hesabla yenməsi ilə start götürdü.

Maraqlıdı ki, “Dinamo” 24-cü turda səfərdə “Spartak”ı məğlub edəndən sonra ardıcıl 3-cü qarşılaşmada xala həsrət qaldı. 36 yaşlı Dzyuba ardıcıl 4-cü turda qol vurdu. Veteran forvardın sonuncu dəfə belə seriyası 2021-ci ildə “Zenit”in heyətində olmuşdu.

Şənbə günü “Lokomotiv” evdə autsayder “Orenburq”la bacara bilmədi. Matçın ən diqqətçəkən məqamı “Loko”nun XXI əsrdə ilk dəfə meydana tam yerli oyunçulardan ibarət “11-lik”lə çıxması oldu. “Krasnodar” əmin addımlarla tarixinin ilk çempionluğuna doğru şığıyır. Murad Musayevin komandasının budəfəki qurbanı “Rubin” oldu. “Öküzlər” bir mövsüm ərzində həm qələbə sayı (18), həm də xal (61) baxımından şəxsi rekordunu yenilədi. Bu göstəricilərdə əvvəlki rekord 2014/15-də qeydə alınmışdı (17 qələbə, 60 xal). Daha bir maraqlı fakt odu ki, “Krasnodar” premyer-liqada evdə “Rubin”ə qarşı keçirdiyi 13 oyunun heç birində məğlub olmayıb (11 qələbə, 2 heç-heçə)!

“Spartak” mövsümün sonunda qeyri-sabit nəticələrlə fanatlarını üzməkdə davam edir. Bu dəfə Moskva nəhəngi səfərdə zəif “Fakel”in müqavimətini qıra bilmədi. Voronej təmsilçisi evdə ardıcıl 5-ci oyunda qola həsrət qaldı. Ədalət naminə “Spartak”ın bu oyunda mərkəz müdafiəçisi Litvinovun qırmızı vərəqə alması üzündən 23-cü dəqiqədən azlıqda oynadığını da bildirək. Deyan Stankoviçin komandası bu nəticədən sonra hətta riyazi cəhətdən də çempionluq şansını itirdi.

ÇSKA “Axmat”la bacara bilməsə də, komandanın premyer-liqada məğlubiyyətsiz seriyası 11 oyuna yüksəldi. Bu, “hərbçilər”in 2017-dən bəri ən yaxşı seriyasıdı. “Zenit” fanatlarını bir qədər intizarda saxlasa da, bu mövsüm 4-cü əzmkar qələbəsini qazandı. Elitada qalmaq uğrunda çarpışan “Nijni Novqorod” Sankt-Peterburqda fasiləyə üstün yollansa da, ikinci hissədə “ağ bayraq qaldırmalı” oldu.

Sobolev piterlilərin heyətində ilk dəfə dubl etməklə qəhrəmana çevrildi. O, premyer-liqada cəmi ikinci dəfə bir oyuna başla iki qol vurdu. Təcrübəli forvard sonuncu dəfə bunu 2021-də “Spartak”ın heyətində “Rostov”la oyunda bacarmışdı. Beləliklə, sona 3 tur qalmış zirvədə 4 xallıq fərq davam edir. Artıq gələn tur “Zenit” Mahaçqalada məğlub olacağı təqdirdə “Krasnodar” çempionluğunu rəsmiləşdirə bilər.

27-ci tur
Zenit – Nijni Novqorod 2:1

Sobolev, 54; 83 – Qrulev, 14.
Zenit: Latışonok, Mantuan (Kassyerra, 67), Nino, Yerakoviç, Santos, Vendel (Mostovoy, 57), Zdelar (Qorşkov, 46), Pedro Enrike, Luis Enrike, Qluşenkov (Qondu, 46), Sobolev (Yeroxin, 85).

Krasnodar – Rubin 2:1
Spertsyan, 5-p. Tormena, 40Rojkov, 83.
Krasnodar: Aqkatsev, Qonsales, Tormena, Kayo, Olasa, Pina, Çernikov (Krivtsov, 46), Batçi (Olusequn, 86), Spertsyan (Kozlov, 90+6), Sa (Kobnan, 71), Kordoba.

Fakel - Spartak 0:0
Spartak: Pamazun, Zobnin (Çernov, 46), Duarte (Xluseviç, 70), Litvinov, Ryabçuk, Umyarov, Martins (İqnatov, 78), Bonqonda (Abena, 29), Markinyos, Qarsiya, Uqalde (Solari, 46).

Axmat – ÇSKA 1:1
Samorodov, 33 – Koyta, 9.
ÇSKA: Akinfeyev, Kellven, Roşa, Abdulkadirov, Kruqovoy, Oblyakov, Kislyak, Fayzullayev, Jemaletdinov (Qlebov, 62), Koyta (Bistroviç, 71), Musayev (Quarirapa, 61).

Lokomotiv – Orenburq 1:1
Pinyayev, 57 – Tatayev, 67.
Lokomotiv: Mitryuşkin, Nenaxov, Morozov, Poqostnov, Silyanov, Barinov, Timofeyev, Pinyayev (Rakov, 73), Batrakov, Sarveli (Qodyayev, 66), Vorobyov (Süleymanov, 74).

Krılya Sovetov – Dinamo M 1:3
Skopintsev, 31-öz qapısına - Nqamele, 2. Qladışev, 55; 82.
Akron – Dinamo Mh 1:0
Dzyuba, 74.

Ximki – Rostov 1:1
Vera, 70 – Osipenko, 89.

1. Krasnodar 27 18 7 2 54-21 61
2. Zenit 27 17 6 4 53-18 57
3. ÇSKA 27 15 7 5 42-19 52
4. Spartak 27 15 6 6 49-23 51
5. Dinamo M 27 14 8 5 57-31 50
6. Lokomotiv 27 13 7 7 44-38 46
7. Rubin 27 11 6 10 35-40 39
8. Rostov 27 10 8 9 40-40 38
9. Akron 27 9 5 13 34-47 30
10. Krılya Sovetov 27 8 6 13 33-43 30
11. Dinamo Mh 27 6 9 12 25-32 27
12. Ximki 27 5 10 12 31-48 25
13. Axmat 27 4 12 11 24-41 24
14. Nijni Novqorod 27 6 5 16 21-49 23
15. Orenburq 27 4 6 17 24-49 18
16. Fakel 27 2 10 15 12-39 16

Bombardirlər: Uqalde (Spartak) – 16, Batrakov (Lokomotiv) – 13, Barko (Spartak) – 12.

Növbəti turun oyunları mayın 10-12-si aralığında keçiriləcək: Dinamo Mh – Zenit, Rubin – Rostov, Akron – Axmat, ÇSKA – Krasnodar, Dinamo M – Spartak, Nijni Novqorod – Krılya Sovetov, Fakel – Lokomotiv, Orenburq – Ximki.

Oyundan sonra
Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Oyun çətin keçdi. Erkən qol işimizi xeyli asanlaşdırdı. Fasiləyə iki topluq üstünlüklə yollansaq da, ikinci hissədə nədənsə eyni oyunu sərgiləməkdə çətinlik çəkdik. Oyunçular sanki sıxılmağa və nəticəni qorumağa başladılar. “Rubin” iki real fürsət yaxaladı. Onun birində bizi bağışladılar. Ancaq bizim də fərqi artırmaq üçün şanslarımız var idi. Əsas odu ki, hesabımıza növbəti 3 xalı yazdıq. Mövsümün bu hissəsində hər xal qızıla bərabərdi. Oyunçularıma təşəkkür edirəm. Təzyiqin öhdəsindən çox gözəl gəldilər. Ancaq rahatlaşmamalıyıq. Qarşıda bizi ÇSKA-ya ilə daha bir çətin oyun gözləyir. Fanatlarımız ən xoş sözlərə layiqdi. Bu gün yenə stadionu doldurmuşdular. Çətin anlarda onların da dəstəyi işimizə yarayır və bizə əlavə güc verir”.

Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Belə oyunlarda favorit olan komanda çətinlik çəkməmək üçün mütləq hesabı açmalıdı. Hesab 0:0 olarkən iki yüzfaizlik fürsətimiz oldu. Sonra müdafiədə səhvə yol verdik və hesabda geri düşdük. Futbol fürsətlər oyunudu. Yaxşı ki, xarakter nümayiş etdirərək qalib gələ bildik. Çətin oyun oldu. Zatən mövsümün bu hissəsində asan oyun olmur. Çünki hər komandanın öz hədəfləri var. Məşqlərdə fürsətləri qola çevirməyin üzərində daha çox çalışmalıyıq. Məsələn, bu gün Sobolevin vurduğu iki qoldan başqa daha üç real şansı var idi. Düzünü desəm, onu artıq fasilədə əvəzləmək barədə düşünürdüm. Amma son anda bu fikrimdən vaz keçdim. Həm də oyun ona uyğun idi. Rəqib bütün komanda ilə geri çəkilmişdi. İrəlidə fiziki cəhətdən güclü olan, top saxlayan hücumçuya ehtiyacımız var idi. Yəni Sobolevi dəyişməyin mənası yox idi. Çempionluq mübarizəsində taleyimiz öz əlimizdə deyil. Daha çox “Krasnodar”ın rəqiblərindən asılıyıq. Amma ümidimizi itirmirik. Hərçənd biz ilk növbədə üzərimizə düşəni edərək qalan turlarda maksimum nəticə qazanmalıyıq”.
Избранный
0
football-plus.az

1Источники