RU

“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “AzPolitika”-ya müsahibəsində ölkədə və regionda baş verən hadisələr barədə fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Rusiya–Azərbaycan münasibətlərindəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından sonra başlayan gərginlik ötən ayda bir qədər səngimişdi, qarşılıqlı səfərlər də həyata keçirildi. Lakin münasibətlər yenidən gərginlik mərhələsinə daxil olub. Bu, nə ilə bağlıdır?

- Rusiyada Azərbaycanı istəməyən, Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışan müəyyən qruplar mövcuddur. Bunlar əsasən erməni diasporasının təsiri altında olanlar, “xristian həmrəyliyi” prinsipi ilə hərəkət edənlər və Qərbdəki ermənipərəst dairələrə bağlı şəxslərdir. Bu qüvvələri təmsil edənlərin böyük hakimiyyət səlahiyyətləri də var və onlar daha çox gizli fəaliyyət göstərirlər. Onların müxtəlif xarakterli təxribatları da bu məqsədə xidmət edir. Məsələn, Azərbaycan təyyarəsinin vurulması həmin təxribatlardan biri idi. 2025-ci ilin fevralında baş vermiş kiberhücumları da bu prosesin davamı adlandırmaq olar.

Bundan əlavə, Azərbaycan Milli Məclisinin komitə sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin, Rusiya–Azərbaycan parlamentlərarası işçi qrupunun və Mili Məclisin MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azər Badamovun Moskvada aeroportdan hörmətsiz şəkildə geri qaytarılması da münasibətlərdə gərginliyin artırılmasına xidmət edir. Bu hadisə Azərbaycan tərəfindən haqlı etirazla qarşılandı və bu etirazlar tamamilə başa düşüləndir. Məncə, bu vəziyyətin qarşısını yalnız Rusiya Federasiyasının prezidenti ala bilər. Artıq beş aydan çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan təyyarəsini vuran şəxslərin kimliyi müəyyən edilməyib və onlar məsuliyyətə cəlb olunmayıblar. Halbuki bu, mürəkkəb və çoxepizodlu bir cinayət işi deyil. Mən özüm də vaxtilə müstəntiq işləmişəm və bilirəm ki, belə hadisələrin araşdırılması bu qədər uzanmamalıdır. Hətta prokurorluq orqanlarındakı etibarlı mənbələr mətbuata məlumat vermişdi ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə baxmayaraq, cavab verilmir.

Bu cür sayğısızlıq və etinasızlıq təbii olaraq iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir. Halbuki, 2022-ci ilin 22 fevralında Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinə dair saziş imzalanıb. Həmin sənəddə dövlətlər qarşılıqlı şəkildə öhdəlik götürüblər ki, biri digərinə qarşı təxribatlara yol verməməli, əksinə, belə hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Təəssüf ki, biz bu öhdəliklərin yerinə yetirilmədiyini görürük və bu da bizi narahat edir. Azərbaycan parlamentində Rusiya ilə dostluq münasibətlərinin inkişafına qarşı çıxan deputat yoxdur. Əksinə, münasibətlərin normallaşması və inkişafı hər kəs tərəfindən dəstəklənib...

İmkan olsa, parlamentin iclasında məsələ qaldıracam ki, sadə vətəndaşlar üçün yox, amma diplomatik və xidməti pasportu olub, Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun. Mən əvvəldən viza alım və bilim ki, məni ora buraxacaqlar, ya yox. Onlar deputata ölkəyə giriş məhdudiyyəti tətbiq etmişdilərsə bu barədə bizi məlumatlandırmalı idilər.Yəni, bizim münasibətlərin indiki səviyyəsi bunu diktə və tələb edir. Bu, sadəcə olaraq diplomatik etikadır və buna əməl olunmalıdır. Amma biz bunu görmürük və belə olduğu halda Azərbaycan insanı fikirləşir ki, Rusiya bizə hansı gözlə baxır və bu da sözsüz ki, qıcıq və hiddət doğurur.

Azərbaycan İkinci Dünya müharibəsində keçmiş sovet respublikaları içərisində ən çox itki verən respublikalardan biridir. Bizim əhalinin sayı müharibə başlayanda 3,4 milyon idi. Müharibə qurtaranda 2,7 milyona düşmüşdü. 650000 insan müharibəyə səfərbər olunub, onlardan 350 mindən artığı həyatını itirib. Ordunun yanacağının 90 faizini Bakı nefti təmin edib. SSRİ-nin isə yanacağa tələbatının 70 faizni Azərbaycan təmin edib. 400 mindən çox yaralı Bakıda müalicə olunub.Bizim payımız bu müharibədəki qələbədə çox böyükdür. Ona görə mən təklif eləmişdim ki, əslində biz özümüz 8 mayda dünya ilə birlikdə Bakıda, Azadlıq meydanında bir parad keçirək. Biz bu barədə hökumətə də müraciət etdik. 80 hərbçimiz Moskvada paradda iştirak edəcək.

Mən hesab edirəm ki, yuxarıda qeyd etdiyim səbəblərdən Prezident Moskvaya getməkdən imtina edib.

- Sizcə, Moskvada 9 May paradında gözlənilməz hadisələr ola bilərmi?

– Mən bu haqda danışmışdım. Məsələn, Qroznıda baş verən hadisənin təkrarlanmayacağına kim zəmanət verə bilər? Digər tərəfdən, bizə qarşı olan təxribatları da görürük. Yəni, bu kimi halların sırf texniki səhv yox, məqsədli təxribat olmadığını kim iddia edə bilər? Tutaq ki, belə bir tədbir zamanı – yəni, xarici liderlərin Moskvaya səfəri fonunda – 10, 15, ya da 50 dron havaya qalxsa və ya hava limanına hücum təhlükəsi olsa, nə baş verəcək?

– Bu arada Netanyahunun Bakıya planlaşdırılan səfəri də təxirə salındı. Doğrudur, rəsmi Bakı bu barədə açıqlama verməmişdi. İsrail Baş nazirinin gəlməməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bildirilir ki, Türkiyə bu səfərin gerçəkləşməsinə icazə verməyib. Bu barədə nə düşünürsünüz?

– Səfərin təxirə salınması ilə bağlı müxtəlif ehtimallar var. Dediyiniz kimi, rəsmi açıqlama verilməsə də, Türkiyənin mövqeyi, Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən Suriyada və İraqda gedən hərbi əməliyyatlar bu səfərin gerçəkləşməməsinə təsir edə bilərdi. Eyni zamanda, təhlükəsizlik məsələləri də burada mühüm rol oynayır. Azərbaycan diplomatiyası çalışır ki, regionda balanslı və çoxşaxəli siyasət yeritsin. Belə bir həssas məqamda hər hansı səfərin həyata keçirilməsi həm siyasi baxımdan, həm də təhlükəsizlik baxımından dəyərləndirilməlidir. Həmin ərəfədə İsrail tərəfindən Suriyaya hava hücumları həyata keçirildi. Mənə elə gəlir ki, daha çox buna görə görüş təxirə salındı, Türkiyə öz hava məkanından istifadə etməklə Netanyahunun təyyarəsinin Azərbaycana uçmasına razılıq vermədi. Hər halda birmənalı deyə bilərəm ki, bizim tərəfdən buna maneçilik yaradılmadı. Netanyahunun gəlməməsinin səbəbi məncə, Türkiyənin İsrail və ABŞ ilə hansısa məsələlərdə razılığa gələ bilməməsi oldu.

– Azərbaycan Türkiyə ilə strateji müttəfiq, İsraillə strateji tərəfdaşdır. İki ölkə asrasında gərgin münasibətlər bizi də çətin vəziyyətə salır...

Избранный
0
1
aznews.az

2Источники