RU

Cenevrədə Çin ilə ABŞ arasında ticarət məsələləri üzrə danışıqlar başlayıb

Pekin, 10 may, AZƏRTAC

Cenevrədə dünyanın ən iri 2 iqtisadiyyatı olan ABŞ və Çin arasında ticarət mübahisələrinə dair danışıqların ilk raundu başlayıb.

AZƏRTAC xəbər verir ki, danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Besent rəhbərlik edir. Bu, Donald Trampın hazırkı prezidentliyi dövründə iki ölkə arasında rüsum və ya ticarət müharibəsi başlayandan bəri tərəflər arasında ilk yüksəksəviyyəli təmasdır.

Çinin Kommersiya Nazirliyi görüşün ABŞ tərəfinin istəyi əsasında baş tutduğunu açıqlayıb.

Qeyd edək ki, Donald Tramp administrasiyası Çin mallarına tətbiq olunan idxal rüsumlarını mərhələli şəkildə artıraraq 145 faizə yüksəldib. Buna cavab olaraq, Çin ABŞ-dan idxal edilən mallara gömrük rüsumlarını 125 faizə qaldırıb. Ötən il Çinin ABŞ-a ixracı 462 milyard, ABŞ-dan idxalı isə 143 milyard dollar olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir. ABŞ Çinin ölkə səviyyəsində ən iri ixrac bazarı, 2-ci ən böyük idxal mənbəyidir.

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət üzrə Cenevrə danışıqları ərəfəsində bu ölkə üçün 80 faizlik tarif ola biləcəyinin mesajını verib. O bildirib ki, Çin öz bazarını ABŞ-a açmalıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
0
azertag.az

1Источники