RU

Aşqabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

BAKI,TurkicWorld

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Aşqabaddakı “Yıldız” otelində “Heydər Əliyev – Energetika diplomatiyası: Yaşıl dünya naminə həmrəylik” mövzusunda konfrans keçirilib.

TurkicWorld xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi tərəfindən təşkil olunub.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov tədbirdəki çıxışında Heydər Əliyevin müasir Azərbaycanın banisi olduğunu və ölkənin enerji siyasətinin təməlini qoyduğunu bildirib. O qeyd edib ki, Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi gücünün artmasına zəmin yaradıb.

Səfir Baki–Tbilisi–Ceyhan, Baki–Tbilisi–Ərzurum və Baki–Supsə kimi beynəlxalq enerji layihələrinin Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki əhəmiyyətini artırdığını və ölkəni etibarlı tərəfdaşa çevirdiyini vurğulayıb.

O, həmçinin bildirib ki, Heydər Əliyevin enerji siyasətində ətraf mühitin qorunması və enerji mənbələrinin diversifikasiyası xüsusi yer tuturdu və bu da bu gün Azərbaycanın “yaşıl enerji” sahəsində inkişafının bünövrəsini təşkil edir.

Qismət Gözəlov çıxışında Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə fəal dəstək verdiyini bildirib. O, COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri və Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa diqqət çəkərək bu sahədə Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Azərbaycan və Türkmənistanın Qlobal Metan Öhdəliyinə qoşulduğunu xatırladan səfir, hər iki ölkənin zəngin neft və təbii qaz ehtiyatlarına malik olduğunu, eyni zamanda metan tullantılarının azaldılması və iqlim dəyişikliyi ilə bağlı layihələrdə öhdəliklərinə sadiq qaldıqlarını vurğulayıb.

Избранный
0
turkic.world

1Источники