Bu gün, 10 may 2025-ci il tarixində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya miqyaslı siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü dərin ehtiramla yad edirik.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli yaddaşında silinməz izlər qoymuş, dövlətçilik tariximizin ən şərəfli səhifələrinə adını əbədi həkk etdirmiş nadir Şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi, müdrikliyi, uzaqgörənliyi və xalqına olan sonsuz sədaqəti Azərbaycanın bugünkü müstəqilliyinin və davamlı inkişafının möhkəm təməlini təşkil edir.1969-cu ildən etibarən respublikaya rəhbərlik edən Heydər Əliyev həmin dövrdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm irəliləyişlərə nail olmuş, strateji düşüncəsi ilə gələcək müstəqil dövlətin əsaslarını formalaşdırmışdır.Ulu Öndərin müstəqillik dövründə, 1993-cü il iyunun 15-də xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdışı müasir tariximizin dönüş nöqtəsi oldu.
Bu qayıdışla Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoydu. Məhz həmin gündən başlayaraq ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinə təkan verildi.Heydər Əliyevin formalaşdırdığı dövlət idarəçiliyi modeli, milli maraqlara əsaslanan xarici siyasət kursu və uzaqgörən iqtisadi strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Bu siyasi kurs nəticəsində Azərbaycan regionda söz və nüfuz sahibi olan lider dövlətə çevrilmiş, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərlə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmişdir.
Bu Qələbənin ideoloji, siyasi və mənəvi təməlində də məhz Ulu Öndərin siyasi irsi və dövlətçilik məfkurəsi dayanır.Heydər Əliyev həm də xalqın birliyini, milli-mənəvi dəyərlərini və ictimai həmrəyliyini daim qoruyan Lider olmuşdur. Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı bu gün hər bir azərbaycanlının qürurla səsləndirdiyi milli çağırışa çevrilmişdir.
Ulu Öndərin əziz xatirəsi bu gün də xalqımız tərəfindən böyük sevgi və ehtiramla anılır. Onun dərin mənalı ideyaları, dövlətçilik fəlsəfəsi və xalqa xidmət prinsipləri gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaqdır.Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!
Azay Quliyev
Millət vəkili, ATƏT PA-nın komitə sədri