Futbol üzrə Misir yığmasının və “Liverpul”un sağ cinah hücumçusu Məhəmməd Salah İngiltərədə cari mövsümün ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, İngiltərə Futbol Jurnalistləri Assosiasiyası 2024/2025-ci illər mövsümü üzrə İngiltərədə ilin oyunçusunu seçib.
Mükafat “Liverpul”un 32 yaşlı misirli ulduzu Məhəmməd Salaha təqdim edilib.
Müvafiq mükafat Salahın futbolçu karyerasında üçüncüdür. Daha əvvəl misirli ulduz hücumçu 2021/2022-ci və 2017/2018-ci illər mövsümlərində təltif edilmişdi.
Əlavə edək ki, Salah 28 qolla cari mövsüm İngiltərə Premyer Liqasının ən sərrast qolçusudur. Misirli hücumçu həmçinin məhsuldar ötürmələrin sayına görə mövsümün ən səmərəli futbolçusudur – 18 məhsuldar ötürmə.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 33 qol vurub, 23 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 398 oyun, 244 qol, 113 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.