ABŞ Konqresi borc tavanını qaldırmasa, Birləşmiş Ştatlar avqustun əvvəlində dövlət borcunu ödəyə bilməmək təhlükəsi ilə üzləşə bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, ABŞ-ın maliyyə naziri Skot Bessentin qanunverici orqan rəhbərlərinə yazdığı məktubda qeyd edilib.
O, bildirib ki, hökumətin pul ehtiyatları "Konqres tətildə olduğu müddətdə avqust ayında tükənəcəyi" ilə bağlı "əsaslı ehtimal" var. Nazir bunu nəzərə alaraq qanunvericiləri "ABŞ-ın tam inamını və kredit reytinqini qorumaq üçün" iyulun ortalarına qədər borc limitini artırmağa və ya tamamən ləğv etməyə çağırıb. Gözlənilir ki, avqust ayına qədər ölkənin 36,2 trilyon dolları keçən borcunu ödəmək üçün pulu tükənəcək.
Qeyd edək ki, martın sonunda Konqresin Büdcə Ofisi borc tavanı qaldırılmadığı təqdirdə ABŞ hökumətinin avqust və ya sentyabr ayına qədər defoltla üzləşəcəyini proqnozlaşdırmışdı. Borc tavanı ABŞ federal hökumətinin fəaliyyətini maliyyələşdirmək üçün Maliyyə Nazirliyinin ala biləcəyi borcun yuxarı həddini müəyyən edir. Nazirliyin hesablamalarına görə, 2034-cü ildə milli borc 50 trilyon dolları keçə bilər.
Musavat.com