Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov Asiya İnkişaf Bankının (AİB) yeni yaranan sahələr üzrə enerji sektorunun direktoru Sindi Tiyankonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Bakı Metropoliteni”ndən XQ-yə verilən məlumata görə, görüş Bakı Metropoliteninin fəaliyyətinin yeni sahələrinin inkişaf perspektivlərinin müzakirəsi və birgə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə keçirilib. Müzakirələr zamanı enerji səmərəliliyinin təmin edilməsi, metropoliten infrastrukturunun effektiv istismarı, mütərəqqi texnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarların qəbul edilməsi ilə səmərəyə nail olmaq üçün yeni konsepsiyanın hazırlanmasını özündə ehtiva edən 3 əsas istiqamət müəyyənləşdirilib.
Görüşdə atılacaq mərhələli addımların razılaşdırılması aparılıb. Həyata keçiriləcək tədbirlər Bakı Metropoliteninin beynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadə etməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırması və tətbiqindən ibarət olacaq. 2025-ci ilin sonunadək isə Bakı Metropolitenində bir neçə istiqamət üzrə birgə səmərəli fəaliyyətə başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, ölkəmiz 1999-cu ildə Asiya İnkişaf Bankına üzv olub. 2004-cü ildən bankın Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib.
Asiya İnkişaf Bankı iqtisadiyyatın şaxələndirilməsi, yeni iqtisadi imkanların genişləndirilməsi, inklüziv inkişafın təşviqi istiqamətindəki fəaliyyətlərdə Azərbaycana dəstək göstərir. Belə ki, AİB nəqliyyat, su təchizatı, enerji, həmçinin maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və digər sahələr üzrə 1999-cu ildən bəri Azərbaycana 130-dan çox kredit, qrant, investisiya, texniki yardım layihələrinin, ticarət və təchizat zəncirinin maliyyəsi və mikromaliyyə proqramlarının maliyyələşdirilməsi üçün 5,27 milyard ABŞ dolları vəsait ayırıb. Ötən il isə bankının birgə maliyyələşdirmə üzrə ayırdığı vəsaitlərin həcmi 399,1 milyon dollar təşkil edib. Bunun da 398,3 milyon dolları layihələr, 0,8 milyon dolları isə texniki məsləhət proqramı ilə bağlı olub.