RU

9 May təbriki, yoxsa revanşizmə çağırış?

II Qaregin yenə sayıqlayıb

Ermənistanda da 9 May – Qələbə Günü qeyd edilir və bununla bağlı təbrik sıralayan siyasilər var. Əlbəttə, onların sırasında baş nazir Nikol Paşinyanın təbriki öndə gəlir. Nikol subliminal fikirlərlə bəzədiyi təbrik mətninin son hissəsində pozitivliyə köklənib, ölkəsi ilə Azərbaycan arasında sülhün mütləq əldə olunacağını qeyd edib.

Hərçənd, ümumi yanaşsaq, onun bildirdiklərini pozitiv saymaq olmaz. Amma Ermənistanda 9 May təbrikləri arasında başdan-ayağa məkrə köklənmişlər az deyil. Onlardan biri isə bütün Ermənistanın katolikosu II Qareginin tərkibidir.

II Qaregin 9 may tarixinə yalnız faşizm üzərində qələbə günü kimi yox, həm də “Şuşanın azad olunması və Artsax müdafiə ordusunun yaradılmasının ildönümü” kimi yanaşıb. Özü də təbrik mətninin lap başlanğıcında. Keşişin bu xatırlatması heç kəsə adi gəlməsin. Nəzərə alaq ki, kilsə erməni avantürizminin əsas qaynağıdır. Deməli, Qaregin avantürizmə “sadiqliyini” göstərir və Azərbaycana qarşı ərazi iddiasını və separatçılığı təbliğ edir. Belə nəticəyə gəlirik ki, bu qoca məxluq Paşinyanın az-çox nəzərə çarpan mütərəqqi fikirlərini sıradan çıxarır.

Hər bir qələbənin inamla, inadlı mübarizə və sınaqlara qarşı dözümlə əldə olunduğunu bildirən II Qaregin əlavə edir ki, bu anlayışla yüz minlərlə erməni sabiq Sovet İttifaqının digər xalqları ilə birgə təhlükəsiz və firavan dünya naminə faşizmə qarşı döyüşdü. Ancaq, necə deyərlər, ayının min oyunu bir armudun başındadır. “Eyni anlayışla xalqımız Artsax ermənilərinin doğma torpaqlarında müstəqil və təhlükəsiz yaşamaq hüququnu müdafiə etdi”, – deyən II Qaregin ardınca əsl ağlaşmaya keçib. Sən demə, Qarabağdan ermənilər deportasiya edilibmiş, Ermənistan bəlalarla üzləşibmiş. Bu fonda keşiş ucuz populizmə və saxta vətənpərvərliyə güc verərək hayları sınmamağa, ayaqda qalmağa və qələbəyə səsləyib.

Bir sözlə, II Qaregin 9 May təbrikində revanşizmə güc verib. Əlbəttə, o, sayıqlayarkən Azərbaycanın adını çəkməyib. Amma keşişin mübarizliklə qələbə qazanmaq “düsturunun” başqa hədəfinin olmadığı məlumdur. Katolikos məhz bu hədəf üçün ermənilərin faşizm üzərində qələbənin əldə olunmasındakı rolunu qabardıb. Yəni, dolayısı ilə bildirib ki, guya, alman faşizmini yenən ermənilərin ölkəmizə qarşı da mübarizə aparmaq əzmi var.

Əvvəldə kilsənin erməni avantürizmində müstəsna “rolunun” olduğunu vurğuladıq. Söhbət 9 May faşizm üzərində qələbədən düşürsə, onu da deməliyik ki, həmin kilsə erməni cəmiyyətinin həm də faşizm təmayüllərinin formalaşmasında müstəsna pay sahibidir. İndiki durumda II Qaregin özünün sərsəmliyi ilə faşizmi qəbirdən qaldırmaq naminə “Martin Lüterlik” edir.

Əlbəttə, II Qaregin təkcə din xadimi deyil. Yəni, kilsənin tarixən terrorun və təxribatların hazırlanmasında mühüm rol oynadığını nəzərə alsaq, əslində, bütün Ermənistanın katolikosu da böyük ölçüdə terrorçu və təxribatçıdır. Amma II Qaregini heç də ideoloji baxımdan xəstə saymaq olmaz. Başqa sözlə desək, bu məxluq göründüyü kimi deyil. Yada salaq ki, vaxtilə onun lüks həyat tərzi keçirməsi və qiymətli hədiyyələr qəbul etməsi erməni ictimaiyyətin narazılığına səbəb olub. Məsələn, 5 kq qızıldan hazırlanmış əsa hədiyyə verilərkən II Qareginin, az qala, uşaq kimi sevinməsi hayları çox pis hiddətləndirmişdi. Onlar keşişin düşdüyü gülünc durumu kilsənin sadəlik və təvazökarlıq prinsiplərinə zidd saymış və sərt etirazlarını bildirmişdilər.

Qeyd edək ki, II Qareginin kilsə daxilində avtoritar idarəçilik üsulları yaratması və nepotizmə üstünlük verməsi də erməni cəmiyyətində ciddi tənqid olunub. Bəzi hallarda onun kilsə rəhbərlərinə qarşı sərt tədbirlər gördüyü və müxalif fikirlərə qarşı dözümsüz yanaşdığı bildirilib. Məsələn, Fransadakı Erməni Apostol Kilsəsinin rəhbəri arxiyepiskop Norvan Zakaryanın istefasında intriqabaz katolikosun rolunun olduğu danılmazdır.

Onu da bildirək ki, erməni cəmiyyətində II Qareginə qarşı etirazlar 2018-ci ildən daha açıq müstəviyə keçib. Həmin il Ermənistanda “məxməri inqilab”ın baş verməsi və Qərbpərəst N.Paşinyanın hakimiyyətə gəlməsi ölkənin bütün sferalarında dəyişikliklərə səbəb oldu. Lakin Nikol nə qədər çalışsa da, köhnəliyin iyrənc qalığı olan II Qaregini postundan tərpədə bilmədi. 2018-ci ildə hətta İrəvanda yüzlərlə insanın onun istefasını tələb edən etiraz aksiyaları keçirməsi, etirazçıların keşişin kilsəni siyasi alətə çevirdiyini və xalqın ehtiyaclarına laqeyd qaldığını iddia etməsi də fayda vermədi. 2020-ci ilin 44 günlük müharibəsində isə II Qaregin bütün əndazələri aşaraq Azərbaycana qarşı nifrət püskürdü. Hətta, onun çağırışı ilə erməni din xadimlərinin bir qrupunun silaha sarıldığını da gördük.

Bəli, II Qareginin siyasi məsələlərə aşkar müdaxiləsi və əksər hallarda hökumətə qarşı açıq tənqidi mövqeyi Paşinyanın tərəfdarları tərəfindən sərt qarşılanır. İkincilər din xadiminin fəaliyyətini kilsənin neytrallıq prinsipinə zidd saydıqlarını bildirirlər. Onu da deyək ki, II Qareginin N.Paşinyanı istefaya çağırdığı və hökumətin Qarabağ siyasətini tənqid etdiyi vaxtlar da olub. Qarşı tərəfin cavabı isə qeyri-standart məzmunu ilə seçilib. Nikolun jurnaist dostlarından bəziləri II Qaregini hətta əxlaqsızlıqda günahlandırıblar.

Sonda onu da bildirək ki, təkcə biz yox, ümumən bir sıra ekspertlər, o cümlədən erməni siyasi müşahidəçilərinin müəyyən qismi II Qareginin bəyanatlarının Ermənistan və Azərbaycan arasında gərginliyi artırdığını, Bakı–İrəvan sülh prosesinə maneçilik törətdiyini vurğulayırlar. Hesab edirik ki, katolikosun 9 May – Qələbə Günü ilə bağlı yaydığı təbrik mətnindəki fikirlər, o cümlədən, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini heçə sayması, separatçılığı dəstəkləməsi də bu baxımdan qiymətləndirilə bilər.

Ə.CAHANGİROĞLU
XQ

Избранный
0
xalqqazeti.az

1Источники