RU

Müstəqil dövlətin memarı və qurucusu

İbrahim ZEYNALOV,
Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı, professor

Bəşər tarixi dahi şəxsiyyətlərin uzaqgörən siyasəti, cəmiyyətlərin həyatını dəyişən əməlləri ilə zənginləşib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində məhz belə rol oynamış qüdrətli şəxsiyyətdir.

Bu nadir dühanın, fenomen liderin siyasi və dövlətçilik fəaliyyəti bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzəyir. Məntiqi fikirləri, iti duyumu, uzaqgörənliyi ilə fərqlənən və misilsiz dövlət xadimi kimi ən çətin, mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı və düzgün çıxış yolu tapmaq bacarığına malik dahi şəxsiyyət idi.

Xalqının, torpağının misilsiz təəssübkeşi olan Heydər Əliyev dünyanın bütün başqa dahi şəxsiyyətlərindən fərqli olaraq iki müxtəlif ictimai-siyasi sistemdə yaşamış və fəaliyyət göstərmişdir. O hər iki sistemdə siyasət və idarəçilik nərdivanının ən yüksək pilləsinə ucala bilmişdir.

Azərbaycana rəhbərliyinin birinci dövründə – 1969–1982-ci illərdə Heydər Əliyev qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, uzaqgörənliyi, vətənpərvərliyi sayəsində, məqsədyönlü, düşünülmüş dərin məntiqi düşüncəyə əsaslanan qərarları ilə çox qısa müddətdə Azərbaycanda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük yüksəlişlərə nail olmuşdur. Azadlıq və müstəqillik duyğularının düşüncəmizdə üstünlük təşkil etməyə başladığı o dövr Azərbaycanın quruculuq salnaməsinin parlaq səhifələridir.

Ulu öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Bu qurucu insan təkcə Azərbaycanın deyil, həm də keçmiş SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir. Sovet DTK-sının sıravi leytenantından general-mayor rütbəsinədək, kommunistlər ordusunun sıravi nəfərindən Kreml liderlərindən birinə qədər yüksəlmiş, dünyanın ən görkəmli dövlət xadimlərindən, dünyanın ən tanınmış siyasətçilərindən biri kimi tanınmış və beynəlxalq nüfuz qazanmışdır.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev yenidən respublikaya başçılıq etməyə başladı, ölkədə qayda-qanun yaratdı. O, eyni zamanda, qan tökülməsinin qarşısını aldı, müharibəni dayandırdı. Təcrübəli dövlət xadimi Azərbaycanı sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə gücləndirən ölkəyə çevirdi.

Ulu öndər Hüydər Əliyev dünya şöhrətli siyasət və dövlət xadimi mərtəbəsinə çoxillik həyat mübarizəsi, yurd sevgisi, möhkəm iradəsi, yüksək amallara bağlılığı ilə yüksəlmişdi. O, 1939-cu ildə 16 yaşında Naxçıvan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirmişdi. Sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsilini davam etdirmişdi. İkinci Dünya müharibəsi zamanı Naxçıvana qayıdıb Daxili İşlər Komissarlığının məxfi hissəsində çalışmışdı.

1944-cü idən Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərən gələcəyin lideri 1967-1969-cu illərdə bu quruma rəhbərlik etmişdi. O zaman dövlət təhlükəsizliyi orqanlarında işləmək asan deyildi. Azərbaycan təhlükəsizlik orqanlarında isti yuva salmış kənar millətlərin nümayəndələri, xüsusilə məkrli ermənilərlə belə bir şəraitdə işləməyin kifayət qədər böyük çətinlikləri var idi. Lakin qətiyyətli, əzmli, dözümlü, iti duyumlu, fitri istedadlı və ən başlıcası cəsarətli və prinsipal olması nəticəsində Heydər Əliyev bu maneələri uğurla dəf etmişdi, xalqımızın azadlıqsevər və dəyərli övladlarını qorumuşdu.

Bir zaman memar olmaq arzusu ilə yaşayan Heydər Əliyev bir bu sənətlə məşğul ola bilməmişdi. Amma o, taleyin hökmü ilə öz xalqının, ölkəsinin baş memarı olmuşdur. 1969-cu il iyulun 14-də sosial-iqtisadi həyatın bütün sahələrində tənəzzülün, geriliyin başladığı mənfi meyillərin gücləndiyi hakimiyyət uğrunda gizli rəqabətin artdığı, bütün bunların isə xalqın milli mənəvi birliyinə pis təsir etdiyi bir vaxtda Azərbaycan dövlətinin rəhbərliyinə Heydər Əliyev gəlmişdir.

Azərbaycan xalqının müharibədən sonra əldə etdiyi nailiyyətlərə, uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən XX yüzilliyin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində: həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özünü göstərməyə başladı. İstehsalın, o cümlədən, sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə, əmək məhsuldarlığının artım sürətinə görə, kənd təsərrüfatında olan vəziyyətə görə Azərbaycan müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu.

1969-cu il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nın plenumu oldu. Plenumda Heydər Əliyev çıxış edərək Azərbaycanın sosial-iqtisadi böhran vəziyyətinin, uzun müddətli geriliyinin təhlilini verdi, səbəblərini açıqladı və çıxış yollarını müəyyənləşdirdi. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başladı, dirçəliş və inkişafın, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə və milli özünəqayıdışa dönüş mərhələsinin başlanğıcı qoyuldu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişaf konsepsiyası hazırlanmış, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyevin fədakar əməyi, xüsusi təşkilatçılığı ilə iqtisadi inkişafın dinamikası Azərbaycanda İttifaq respublikalarından xeyli yüksək olmuşdur.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində fəaliyyət göstərdiyi dövrdə də Azərbaycanın sosial-iqtisadi inkişafı üçün bütün imkanlarından istifadə etmişdir. 1970–1982-ci illərdə Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə İttifaq respublikaları arasında öndə gedərək ilk yerlərdən birini tutmuşdur.

O illərdə Heydər Əliyevin gərgin, fədakar əməyi və rəhbərliyi altında respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektləri istifadəyə verilmiş, 630 min nəfərlik yeni iş yerləri yaradılmışdır. Bu illərdə sənaye istehsalı 2,2 dəfə artmış, məhsulun orta illik artım sürəti 8,2 faiz olmuş, neft hasilatında istehsalın həcmi 2,8 dəfə, həmçinin maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artmışdır. Sənayedə əmək məhsuldarlığı 7 dəfə yüksəlmiş, 4,4 min yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar yaradılmışdır, onlardan 400-ü keçmiş SSRİ-də ilk dəfə həyata vəsiqə almışdır.

1980-ci illərin ortalarında respublika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi də artmışdır. Pambıqçılıq, üzümçülük, taxılçılıq daha sürətlə inkişaf etmişdir. Bu illərdə respublika üzrə 5,5 milyon ton pambıq, 7 milyon 399 min ton üzüm istehsal olunmuşdu. Həmin dövrdə milli gəlir 2,6 dəfə çoxalmış, respublikanın payı keçmiş SSRİ-nin milli gəlirində 1,5 dəfə, sənaye istehsalının həcmində 1,5 dəfə, kənd təsərrüfatı istehsalının həcmində isə təqribən 1,8 dəfə artmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə əldə edilən ən mühüm tarixi nailiyyətlərdən biri də respublikanın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yetişdirilməsi idi.

Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1970-1982-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərinə respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaradılmışdır.

1969–1982-ci illər Azərbaycanın tarixinə intibah, nəhəng quruculuq dövrü kimi daxil oldu. Ölkə iqtisadiyyatının bütün sahələrində yüksəliş baş verdi, dinamik inkişaf təmin olundu. Respublika iqtisadiyyatında çox ciddi struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı.

Sonralar tariximizin bu dövrünü Heydər Əliyev belə qiymətləndirirdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yer tutur”.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.

1991-ci ildə SSRİ-nin dağılması ilə əlaqədar Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul etmişdir, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi – referendum vasitəsilə bəyənilmişdir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaradılmış, ölkəmiz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Azərbaycanın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan BMT-yə daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının hamısının üzvüdür.

Ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir.

1995-ci il noyabr ayının 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Dövrünün ən nüfuzlu görkəmli dövlət xadimləri və siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Ulu öndərin böyük səyləri ilə bu təhlükələrin qarşısı alınmışdır. Ümummilli lider, ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbləri nəticəsində 1993-cü ilin iyununda, son dərəcədə ağır və kritik bir dövrdə ikinci dəfə hakimiyyətə qayıdışından, tarixi xilaskarlıq missiyasına başlamasından sonra ölkəmizdə vətəndaş qarşıdurmasına, separatçılıq meyllərinə, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu.

O böhranlı aylarda və illərdə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın parçalanmaq, müstəqilliyini yenidən itirmək təhlükəsi və qorxusu birdəfəlik aradan qaldırıldı. İlk növbədə, yeni yaranmaqda olan Azərbaycan Ordusunda hökm sürən intizamsızlığa son qoyuldu. Ayrı-ayrı silahlı dəstələr, hərbi birləşmələr, könüllülər batalyonları ləğv edildi, Orduda dəmir nizam-intizam yaradılmağa başlandı, əsl ordu quruculuğuna qədəm qoyuldu.

Təcrübəli dövlət xadimi Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan respublika iqtisadiyyatını dirçəltmək, ölkənin dünya inteqrasiyasında iştirakını canlandırmaq üçün ən sanballı mənbə neft amili ola bilər. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Respublikaya güclü investisiya axını başlandı. Neft strategiyası müstəqil respublikamızda demokratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisadiyyatına qovuşması üçün möhkəm baza yaratdı. Artıq 1996-cı ildə iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı alındı.

Eyni zamanda, ölkədə yeni iqtisadi sistemin qurulması, aqrar islahatların, özəlləşmənin aparılması, sahibkarlığın inkişafı ilə əlaqədar qanunvericilik bazası yaradıldı. Heydər Əliyev əhalinin sosial şəraitinin yaxşılaşdırılmasını fundamental əhəmiyyət kəsb edən bir məsələ kimi ön plana çəkirdi.

Ümummilli lider Heydər Əliyev xarici şirkətlər ilə danışıqlarda, sazişlərin imzalanmasında həmişə tam milli mənafelər mövqeyindən çıxış edir, onların qeyri-neft sektoruna, regionların sosial-iqtisadi inkişafına daha geniş cəlb edilməsinə mane olan səbəblərin aradan qaldırılmasına daha çox üstünlük verirdi.

Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki: “Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”.

Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Müasir tariximizin yarım əsrlik dövrü, o cümlədən, müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dünyanın ən güclü dövlət xadimləri, siyasətçiləri Azərbaycan Respublikasının memarı, qurucusu Azərbaycan xalqının yetişdirdiyi ən mükəmməl tarixi şəxsiyyəti, beynəlxalq miqyaslı böyük siyasət və dövlət xadimi fenomen lider kimi qiymətləndirirlər.

Müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin təfəkkürə və iti analitik duyuma malik olan Heydər Əliyev həm də nüfuzlu, iradəli, cəsarətli, qətiyyətli, dünya birliyi tərəfindən sayılan, seçilən nadir şəxsiyyətlərdən biri idi. Bunun nəticəsi idi ki, onun dünyanın ən nüfuzlu təşkilatları, güclü dövlətlərin başçıları ilə Azərbaycanda yeni iqtisadi sistemin qurulması, respublikamızın dünya inteqrasiyasına qovuşması kimi qlobal problemlərə dair apardığı danışıqlar dünya ictimaiyyəti tərəfindən bu gün də çox yüksək qiymətləndirilir.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin inkişaf və sabitlik yolunu müəyyən edib, gələcək tərəqqinin əsaslarını formalaşdırdıqdan sonra əbədiyyətə qovuşdu. Ulu öndərin ən layiqli davamçısı, müasir tipli siyasi lider İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin həlledici hissəsinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycanın yeni rəhbəri andiçmə mərasimində dedi: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur”.

Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, qurtuluş mübarizəsinin qalibi, yeni Azərbaycanın qurucusu, öz xalqını, dövlətini zamanın mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqiliyyə qovuşdurmuş tarixi şəxsiyyət, fenomen liderdir. Azərbaycan xalqı yeni əsrə və III minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoymuşdur.

İllər keçdikcə Heydər Əliyev siyasi kursunun dəyəri azalmır, onun ideyaları, dövlətçilik siyasəti yaşayır, Azərbaycançılıq fəlsəfəsi inkişaf edir. Ən başlıcası isə, ümummilli lider Heydər Əliyevin ideyaları və müəyyən etdiyi siyasət əsasında müstəqil Azərbaycan ildən-ilə qüvvətlənir, inkişaf edir və beynəlxalq aləmdə respublikamızın nüfuzu durmadan artır.

 

 

 

Избранный
0
xalqqazeti.az

1Источники