RU

Özbəkistanda 9 May - Xatirə və Ehtiram Günü münasibətilə bayram tədbirləri olub

Mayın 8-də Daşkənddəki Qələbə parkında 9 May - Xatirə və Ehtiram Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumət və parlament üzvləri, ölkənin bütün vilayətlərindən gələn müharibə veteranları, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Prezident Şavkat Mirziyoyev “Mətanət” abidəsinin önünə əklil qoyub, faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə mərasimə toplaşanları təbrik edib, veteranların hər cür hörmət və ehtirama layiq olduğunu bildirib. Prezident Qələbənin qazanılmasında Özbəkistanın rolundan danışıb.

Dövlət başçısı deyib ki, o vaxt Özbəkistanın 6,5 milyon nəfər əhalisindən 2 milyonu müharibəyə gedib. Onların 500 mini müharibədən qayıtmayıb. Özbəkistan cəbhəyə müxtəlif texnika, ərzaq və geyimlə də kömək edib.

Sonra Prezident veteranlarla görüşüb.

Mayın 9-da diplomatik korpusun üzvləri, həmçinin Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Daşkəndin mərkəzindəki “Naməlum əsgər”in məzarı önünə səfirlik adından əklillər və gül dəstələri qoyublar. Tədbirdə həmçinin səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edib. 

Mayın 9-da bütün gün ərzində paytaxtda, vilayət mərkəzlərində və rayonlarda bayram tədbirləri keçirilib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 

 

 

Избранный
0
xalqqazeti.az

1Источники