RU

Azərbaycanın İkinci Dünya Müharibəsindəki rolu: Coğrafi mövqe və strateji əhəmiyyət - ŞƏRH

"Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin təmin edilməsində iki mühüm amillə dünya tarixində yerini qazanıb: 700 min nəfərlik canlı qüvvə göndərərək cəbhəyə verdiyi dəstək və fövqəladə əhəmiyyətə malik olan neft və neft məhsulları ilə müharibə əməlliyatına verdiyi töhfə. Ancaq Sovet Azərbaycanı həm də coğrafi mövqeyi ilə faşizmin dəf edilməsində və qələbənin qazanılmasında əhəmiyyətli rol oynamışdır".

Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

O, Sovet Azərbaycanının İkinci Dünya Müharibəsindəki strateji roluna dair bəzi faktları vurğulayıb:

Lend-liz proqramı və Azərbaycanın rolu

"1941-ci ilin mart ayında ABŞ, faşist Almaniyasına qarşı mübarizəni gücləndirmək və öz müdafiəsini artırmaq məqsədilə Lend-liz proqramını qəbul edir. Bu proqram çərçivəsində ABŞ 1945-ci ilin sentyabrına qədər, yəni Yaponiya təslim olmasına qədər hərbi və qeyri-hərbi təyinatlı məhsullar və materiallar üçün 50 milyard ABŞ dolları ayırmışdır.

1941-ci ilin oktyabrında Sovet İttifaqına tətbiq edilən Lend-liz proqramı çərçivəsində SSRİ-yə verilən 11 milyard ABŞ dolları məbləğində yardımların 45 faizi İran və Sovet Azərbaycanı üzərindən daşınıb. Azərbaycanın Xəzər dənizindəki sektoru vasitəsilə daşınan 17,8 milyon ton yükün təqribən 8 milyon tonu Azərbaycandan keçmişdir.

ABŞ-dən yola çıxan yük gəmiləri Afrikanın yaxınlığında Ümid Burnundan keçərək İranın Fars Körfəzindəki Bəndər Abbas limanlarına çatırdı. Bu yol digər marşrutlara (Arktika yolu və Sakit Okean yolu) nisbətən daha təhlükəsiz və etibarlı idi.

Azərbaycanın strateji əhəmiyyəti: Xəzər dənizi və quru yolları

Lakin 1942-ci ilin avqustundan 1943-cü ilin fevralına qədər Stalinqrad döyüşləri zamanı və şəhərin mühasirədən azad edilməsinə qədər Xəzər dənizindən Volqaya qədər olan yol faktiki olaraq dayandı. Bu vəziyyət Azərbaycan üzərindən quru yolla və dəmir yolu ilə daşımaların həyati əhəmiyyətini artırdı. 1943-cü ilin fevralından sonra isə Xəzər dənizindən keçən marşrut yenidən işə düşdü.

İranın və Azərbaycanının rolu: Şahın dəyişən mövqeyi

İran şahı bu dövrdə faşist Almaniyası ilə əməkdaşlıqdan çəkinmirdi. Buna cavab olaraq Britaniya və Sovet İttifaqı İran şahı Rza şahı devirdi və onu Cənubi Afrikaya sürgün etdilər. Onun yerinə keçən oğlu isə Sovet İttifaqı və Britaniya ilə əməkdaşlığa razı oldu. Nəticədə İran ərazisi və Sovet Azərbaycanı üzərindən hərbi yüklərin daşınması asanlaşdı və bu dəhlizin strateji əhəmiyyəti daha da artdı.

Azərbaycanın həyati töhfəsi: Müharibə cəbhələrinə dəstək

Sovet Azərbaycanı üzərindən daşınan hərbi materiallar sayəsində Sovet İttifaqı 6 diviziyanı ön cəbhədə uzun müddət saxlaya bildi. Bu yardımlar Sovet ordusunun döyüş qabiliyyətini davamlı olaraq təmin edirdi. Azərbaycanın təchizat və logistika təminatı müharibənin gedişatında Sovet İttifaqının hərbi gücünü artırmış və qələbənin təmin edilməsində vacib rol oynamışdır.

Coğrafi mövqenin əhəmiyyəti

Sovet Azərbaycanı yalnız müharibədə canlı qüvvə və təchizatla deyil, həm də malik olduğu coğrafi mövqe ilə faşizmin dəf edilməsinə və müttəfiqlərin qələbəyə nail olmasına böyük töhfə vermişdir. Azərbaycan həmin dövrdə həm strateji, həm də logistik baxımdan müharibənin uğurlu nəticələnməsində əsas rol oynamışdır".

Избранный
0
operativmedia.az

1Источники