RU

Ümummilli Lider təhsilə, elmə və mədəni inkişafa daim böyük dəstək verib

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Milli maraqlar naminə siyasi çeviklik: Heydər Əliyev strategiyası” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Milli Məclisinin Elm və təhsil komitəsi, Elm və Təhsil Nazirliyi və ADPU-nun birgə təşkilatçılığı ilə baş tutub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransdan əvvəl ali məktəbin foyesində ADPU-nun müəllimi və Azərbaycan Rəssamlar İttifaqının üzvü Vəfa Cəfərova-Allahyarovanın “1001 ahəng” adlı fərdi sərgisi nümayiş olunub.

Konfransı açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı əhəmiyyətli roluna diqqət çəkərək qeyd edib ki, Heydər Əliyevin təməlini qoyduğu ideyalar müstəqil Azərbaycan dövlətinin əsas ideoloji və siyasi dayağı kimi bu gün də öz aktuallığını qoruyur. Rektor bu cür elmi tədbirlərin gənc nəsildə Heydər Əliyev irsinin elmi əsaslarla öyrənilməsinə və sistemli şəkildə təbliğinə ciddi töhfə verdiyini vurğulayıb.

“Heydər Əliyev – Müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda geniş məruzə ilə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov belə ictimai tədbirlərin təşkilinin əhəmiyyətinə toxunaraq, bu təşəbbüsün Milli Məclislə ilk olaraq ADPU arasında reallaşdırılmasının təsadüfi olmadığını vurğulayıb.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov “Heydər Əliyev və intellektual potensialın inkişaf dinamikası” mövzusundakı məruzəsində qeyd edib ki, Ümummilli Lider təhsilə, elmə və mədəni inkişafa daim böyük dəstək verib. Ümummilli Liderin əsas hədəflərindən biri Azərbaycanın elmi və intellektual potensialını inkişaf etdirmək idi. Onun təşəbbüsü ilə ölkədə elmi-tədqiqat institutları gücləndirildi, minlərlə azərbaycanlı gəncin bacarıqlı kadr kimi formalaşdırılması istiqamətində əməli addımlar atıldı. Hələ ötən əsrin 60-cı illərində fundamental elmlər və kosmos sahəsində tədqiqatların aparılması istiqamətində icra olunan işlər birbaşa Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilirdi. Burada müasir elmi-texniki inkişafın əsası olan İT, süni intellekt kimi istiqamətlərin əsası olan kibernetika elminin inkişafını xüsusilə qeyd etmək lazımdır. İnformasiyanın gücünü uzaqgörənliklə dərk edən Ulu Öndər hələ 1965-ci ildə Azərbaycanda Kibernetika İnstitutunun fəaliyyətə başlamasına nail olmuşdu.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Bəxtiyar Əliyev “Azərbaycan Respublikasının suverenliyinin tam bərpası Heydər Əliyev siyasətinin Zəfər təntənəsidir” mövzusunda çıxış edərək bildirib ki, 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə Ali Baş Komandanın rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyev strategiyasının tarixi məntiqi və siyasi qələbəsidir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri – dosent Pərvin Kərimzadə “Heydər Əliyev – Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi”, professor Samir Vəliyev “Heydər Əliyev ideyaları uğurlarımızın təminatıdır”, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov isə “Azərbaycanda dövlətçilik ənənələrinin inkişafında Heydər Əliyevin rolu” mövzularında geniş məruzə ediblər.

Konfransın sonunda çıxışlar ətrafında interaktiv diskussiya təşkil olunub, Heydər Əliyev irsinin elmi tədqiqi və sistemləşdirilməsi istiqamətində gələcək addımlar, eləcə də bu irsin təhsildə, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasında tətbiq mexanizmləri geniş müzakirə olunub.

Konfransın rəsmi hissəsindən sonra tədbir ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin təşkilatçılığı ilə fakültənin müəllim, tələbə və xor kollektivinin ifalarından ibarət konsert proqramı ilə davam edib.

Избранный
0
1
azertag.az

2Источники