BAKI, 8 may. TELEQRAF
“Yeni Klinika”da çalışan tibb işçiləri aylardır ki, bonus ödənişlərini ala bilmirlər.
Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikada əməkhaqqı və əlavə ödənişlərlə bağlı gecikmələr həkimlərin narazılığına səbəb olur.
İddialara görə, klinikada ötən ilin 7-8 ayının bonusları hələ də verilməyib. Klinika rəhbərliyi isə əməkdaşlara məsələnin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqəli olduğunu bildirərək, fikirləri bu quruma yönləndir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta fondunun vəsaitləri hesabına maliyyələşən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri sığorta ödənişləri ala bilmələri üçün sığortaolunanlara göstərdikləri xidmətlərin aylıq elektron hesabatlarını-reyestrləri təsdiqedici sənədlərlə birlikdə hazırlayıb tibbi-iqtisadi ekspertiza üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin həkim-ekspertlərinə təqdim etməlidirlər.
“Yeni Klinika" geniş xidmət profilli tibb müəssisəsi olduğu üçün ekspertizaya hazırlıq prosesinə digər tibb müəssisələri ilə müqayisədə daha uzun zaman sərf etməli olur. Hesabatların və sənədlərin tam həcmdə, düzgün və diqqətlə hazırlanması sığorta ödənişlərinin, həmin ödənişlərdən həkimlərə ödəniləcək bonusların itirilməsi risklərini azaldır. Bu kimi məsələlər ekspertiza planından geri qalmalara səbəb olur", - deyə məlumatda qeyd olunub.
Qurumdan, həmçinin bildirilib ki, reyestrlər vaxtında və düzgün təqdim olunduqda bonusların hesablanması və ödənişi müqavilədə nəzərdə tutulan müddət ərzində həyata keçirilir.
Aldığımız cavabdan belə anlaşılır ki, Agentlik “Yeni Klinika”nın hesabat və sənədləri vaxtında təqdim etməməsini gecikmələrin səbəbi kimi göstərir. Yəni, qurum ödənişlərin gecikməsinə görə məsuliyyəti qismən klinikaya yönəldir ki, sənədlər düzgün və tam təqdim olunduqda bonuslar müqaviləyə uyğun müddətdə ödəniləcək.
Klinikanın həkimləri isə bonus ödənişlərinin bərpası məsələsinin aydınlaşdırılmasını tələb edirlər.
Mövzu Teleqraf-ın diqqətindədir.