Bu gün Fransanın paytaxtı Parisdə İkinci Dünya müharibəsində Nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər keçiriləcək. Təntənəli mərasimə, demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çağırılmayıb. Bəs görəsən, bu cür qeyri-adekvat addımla Fransa Azərbaycana hansı mesajları vermək istəyir? Makronun belə hərəkətinin səbəbi nədir?
Mövzunu KONKRET.az-a politoloq Zeynal Əmrəliyev şərh edib:
“Fransa faktiki olaraq Azərbaycanla düşmənçilik münasibətləri aparır. Azərbaycan səfirinin tədbirə çağırılmaması birinci növbədə diplomatik etikasızlıqdır. İkinci növbədə isə Fransanın milli azadlıq hərəkatının tarixinə hörmətsizlikdir. Çünki Fransanın işğaldan azad edilməsi zamanı Azərbaycan oğulları çox böyük qəhrəmanlıq nümunəsi göstəriblər. Təkcə “Armed Mişel” ləqəbli Əhmədiyyə Cəbrayılovun adını çəkmək kifayətdir. Məhz Əhmədiyyə Cəbrayılovla görüşmək üçün SSRİ-yə səfər edən Fransa prezidenti Şarl De Qoll Bakıya gəlib və onun fəaliyyətini yüksək qiymətləndirib. Fransanın digər rəhbərləri də bu kimi tədbirlərə Azərbaycan səfirlərini dəvət ediblər. Həmin dövrdə Fransa-Azərbaycan münasibətləri nisbətən gərgin olsa və Paris İrəvanı dəstəkləsə də, bu məsələlərdə Fransa dövləti birmənalı siyasət yürüdüb. Ancaq Makron hökuməti açıq şəkildə Azərbaycana qarşı düşmənçilik və aqressiv siyasət yürüdür. Bu, çox aciz bir addımdır. Səfirimizə qarşı atılan bu addım birbaşa Azərbaycan dövlətinə yönəlib. Fransa-Azərbaycan münasibətlərinin düzəlməsi artıq mümkün deyil. Çünki hakimiyyətdə Makron olduğu təqdirdə bu münasibətlər bərpa olunmayacaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az