RU

Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...


Avropa Birliyi Türkiyənin bu quruma üzvlüyü ilə bağlı ümidləri alt-üst edən qərar verdi. 7 may 2025 - qardaş Türkiyənin Avroittifaqa üzvlüyündən birmənalı və həm də "izahlı imtina" günü kimi tarixə düşəcək. Yəni imtina qərarına "məzmunlu izah" da verdilər. Bir ispan deputatının hesabat məruzəsi əsasında qərar verildi – “Türkiyənin Avropa Birliyinə 2013-cü ildə dondurulmuş üzvlük dialoqu bərpa edilməsin"...

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Çox pis... Türkiyənin 2013-cü ildən demokratik istiqamətdə addım almadığını, müxalifəti təqib etdiyini, hökumət əleyhinə aksiyaların devrildiyini, demokratiyadan uzaqlaşdığını qeyd ediblər. Hesabatın müəllifi ispan deputat Sançes hətta Türkiyəni "demokratiyadan geri çəkilən yeganə ölkə" adlandırıb. Onun fikirləri daha uzaqlara hədəflənmiş nəticəyə gəlməyə əsas verir. O, deyib ki, biz Türkiyədə AB üzvü olmaq istəyən xalqla hökumətin arasında fərq olduğunu başa düşürük...

Bu fikrin sətiraltı mənasını başa düşmək çətin deyil. Demək istəyirlər ki, Türkiyədə ən azı hakimiyyət dəyişməyincə AB üzvlüyü olmayacaq...

Baxın, Türkiyəyə belə ifrat münasibət sərgilədiyi bir vaxtda həmin Avropa Birliyi Mərkəzi Asiyanın 4 türk dövlətinə öz qucağını mümkün qədər geniş açır, onlara səxavətlə 12 milyard avro yardım bağışlayır. Ancaq həmin ölkələrdə demokratiya və insan haqlarından bir kəlmə də danışmırlar... Ancaq hələlik danışmırlar. Çünki, hələlik onlara Mərkəzi Asiyanın torpaq sərvətləri lazımdır. Hələlik onlara bu regiondan keçən və deməli, Rusiyadan yan keçən Orta Dəhlizi canlandırmaq və bu dəhlizə Ermənistanı da qoşmaq lazımdır. Elə ki, məqsədlərinə çatdılar, daha üzlərini görmə. Bu gün Türkiyəyə qarşı qətnamə şəklində yağdırılan "demokratiya ittihamlarının" on qat artığını Mərkəzi Asiyanın 4 türk dövlətinə yağdıracaqlar... Buna heç kimin şübhəsi olmasın. Çünki görmüşük... Ancaq bunu məhz indi Mərkəzi Asiya dövlətlərinin başa düşməsi lazımdır. Sonra çox gec olacaq... Bunu indi başa düşsələr, Türkiyənin təklənməsinə imkan verməsələr, hətta bu xatirə onlara ayrılmış 12 milyard avrodan imtina etməyi bacarsalar, bütün türk dünyası qazanmış olar...

Türkiyənin bu vəziyyətdə nə edəcəyi maraqlıdır...

Tahir TAĞIYEV

Избранный
0
baki-xeber.com

1Источники