RU

Mehriban Vəliyeva: Ulu Öndər Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün böyük məktəbdir

Bakı, 8 may, AZƏRTAC

Tarix görkəmli şəxsiyyətlərin həyat salnamələri ilə yazılır. Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun həyat yolu və fəaliyyəti Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir, müstəqil dövlətimizin isə möhkəm təməllərini formalaşdırır. Məhz buna görə onunla bağlı əlamətdar günlər xalqımız və dövlətimiz üçün böyük məna daşıyır, mühüm tarixi hadisə kimi yad edilir və qeyd olunur. Dövlətçilik tariximizdə silinməz izlər buraxmış, azərbaycançılıq ideyasını hər şeydən üstün tutan və milli iftixarımız olan Heydər Əliyev bu gün də Azərbaycanın adı ilə birgə çəkilir, dövlətçiliyimizin rəmzi kimi qəbul olunur. Anadan olmasının 102-ci ildönümündə də bütün azərbaycanlılar Ümummilli Lideri ehtiram və sevgi ilə yad edir. Onun mənalı həyatı və zəngin fəaliyyəti haqqında saatlarla danışmaq, cildlərlə kitab yazmaq olar. Bu gün fəxrlə danışdığımız, qürur duyduğumuz Azərbaycan məhz onun şah əsəridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Deputat vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi ilə atılan mühüm addımlar respublikamızın inkişafını təmin edib: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə ölkədə sabitlik yaratdı və dərin böhrandan çıxış yolunu müəyyənləşdirdi. Onun hazırladığı inkişaf strategiyası sayəsində müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, demokratik seçkilər keçirildi, senzura aradan qaldırıldı, insan hüquqları və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatları aparıldı, Konstitusiya Məhkəməsi və digər vacib hüquqi institutlar yaradıldı. Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda mühüm addımlar atıldı, vətəndaş cəmiyyətinin bünövrəsi qoyuldu.

Mehriban Vəliyeva vurğulayıb ki, Heydər Əliyev dağılmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanı qısa müddətdə sabit və güclü bir dövlətə çevirdi. Onun praqmatik xarici siyasəti nəticəsində ölkəmiz etibarlı tərəfdaşa çevrildi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji resurslarını dünya bazarına çıxarmaqla yanaşı, iqtisadi müstəqilliyinə də zəmin yaratdı”.

Deputat qeyd edib ki, Ulu Öndərin fəaliyyətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunması idi: “Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli onun başlıca məqsədlərindən biri idi. Onun daxili və xarici siyasəti müstəqil Azərbaycanın əbədiliyinə xidmət edirdi. Azərbaycançılıq ideologiyasını tarix, dil, mədəniyyət və milli dəyərlər üzərində quraraq xalqı birləşdirən bu siyasət nəticə verdi.

Ordu quruculuğu və vətənpərvər gənclərin yetişdirilməsi Ulu Öndərin diqqət mərkəzində idi. Təhsilin inkişafı üçün ciddi islahatlar həyata keçirildi. 70-ci illərdə gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almasına şərait yaradıldı. 1971-ci ildə onun təşəbbüsü ilə Bakıda yaradılan Cəmşid Naxçıvanski adına hərbi məktəb peşəkar milli zabitlərin hazırlanmasında mühüm rol oynadı. Bu məktəbin yetirmələri 49 il sonra – 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarix yazdılar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Ordusu Qələbə salnaməsinin əsasını qoydu. Otuz ilə yaxın işğal altında olan torpaqlar 44 günlük müharibə və 24 saatlıq antiterror tədbirləri ilə azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Prezident İlham Əliyev bununla da atasının vəsiyyətini yerinə yetirdi.

Azad olunmuş ərazilərdə hazırda sürətli quruculuq və bərpa işləri həyata keçirilir, doğma torpaqlarına qayıdan insanlar üçün şərait yaradılır”.

Mehriban Vəliyeva əlavə edib ki, Heydər Əliyev hələ sağlığında əfsanəyə çevrilmiş, dünya siyasətində özünəməxsus yer tutmuş nadir şəxsiyyət idi: “Xarici dövlət başçıları və tanınmış siyasi liderlər onun haqqında daim yüksək fikirlər səsləndiriblər. ABŞ-ın sabiq Prezidenti Corc Buş onu “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk dünyasının sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirak isə “qeyri-adi şəxsiyyət” adlandırmışdı.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü zaman keçdikcə daha dərindən anlaşılır. Onun ideyaları, həyat yolu və dövlətçilik fəlsəfəsi əsasında saysız-hesabsız tədqiqat əsərləri və kitablar yazılıb. Lakin onun irsi hələ də tükənməz bir xəzinə olaraq, hər dəfə yeni cəhətləri ilə diqqəti cəlb edir. Bu böyük irsin əsasında sevgi, zəhmət, əzmkarlıq və xalqa sədaqət dayanır. Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün böyük məktəbdir. Bu gün qazandığımız uğurlar üçün biz ona borcluyuq.

Anadan olmasının 102-ci ildönümündə Ümummilli Lideri bir daha dərin ehtiramla yad edir, onu əbədi olaraq yaşadırıq”.

Избранный
0
azertag.az

1Источники