RU

Müşfiq Cəfərov: Sərhədləri keçən boru kəmərləri enerji təhlükəsizliyini daha da gücləndirir

BAKI, 8 may. TELEQRAF

"Sərhədləri keçən boru kəmərləri və elektrik şəbəkələri təkcə enerji təhlükəsizliyini gücləndirmir, həm də qarşılıqlı asılılığı dərinləşdirir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının, İpək Yolu Qrupu və Monteneqro Parlamentinin birgə təşkilatçılığı ilə keçirilən V Beynəlxalq Konfrans çərçivəsində baş tutan “İpək Yolu Regionunda Əlaqələr: Çağırışlar və İmkanlar” mövzusundakı çıxışı zamanı deyib.

Deputat vurğulayıb ki, Qədim İpək yolu dənizə çıxışı olmayan ölkələrə qlobal bazarlara çıxış imkanı verir, sərhədyanı ticarəti asanlaşdırır və regional dəyər zəncirlərini gücləndirir:

"Çinin Kəmər və Yol, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və rəqəmsal İpək Yolu layihələri kimi strateji təşəbbüslər əməkdaşlıq üçün yeni kanallar açır. Sərhədləri keçən boru kəmərləri və elektrik şəbəkələri təkcə enerji təhlükəsizliyini gücləndirmir, həm də qarşılıqlı asılılığı dərinləşdirir. Sizə təmsil etdiyim ölkədən bir nümunə verə bilərəm. Birinci Qarabağ müharibəsindən sonra Ümummilli Lider Heydər Əliyev ölkə prezidenti olanda “Əsrin müqaviləsi”nin imzalanması üçün əlindən gələni etdi, qlobal neft şirkətlərini, inkişaf etmiş ölkələri Azərbaycana cəlb etdi və biz sülhün təməlini qoyduq”.

Deputat Azərbaycanın Şərqlə Qərb, Şimal və Cənub arasında körpü rolunu oynamasının əhəmiyyətini xüsusi olaraq vurğulayıb:

"Biz multimodal nəqliyyat infrastrukturuna sərmayə qoyuruq, rəqəmsal inteqrasiyanı təşviq edirik, regionumuzu sülh və firavanlıq dəhlizinə çevirmək üçün enerji əməkdaşlığını dəstəkləyirik. Biz Qarabağ münaqişəsini geridə qoyduq. İndi bu istiqamətdə ən strateji inkişaflardan biri Zəngəzur dəhlizidir. Bu dəhliz Xəzərdən Aralıq dənizinə, Azərbaycanı Türkiyə ilə, daha sonra isə Avropaya birləşdirən qırılmaz nəqliyyat əlaqəsi yaratmaq potensialına malikdir. Bu, təkcə ticarəti və logistikanı gücləndirməyəcək, həm də qarşılıqlı anlaşmaya, regional əməkdaşlığa və sabitliyə təkan verəcək".

Deputat, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun gələcəyə vəd etdiyi inkişafdan da danışıb.

"Unutmayaq: münasibətlət təkcə fiziki əlaqələr deyil, etimad, dialoq və ümumi baxış haqqındadır. İpək Yolu gözlərimiz önündə yenidən təsəvvür edilir və biz birlikdə onu sülh, tərəqqi və tərəfdaşlıq yoluna çevirə bilərik”, - deyə M.Cəfərov bildirib.

Избранный
0
teleqraf.com

1Источники