Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb.
E.Quliyev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.