RU

Fişinq hücumları artıb: Vətəndaşlar hədəfdədir -AÇIQLAMA

İnsanların əksəriyyəti hələ də kart məlumatlarının necə qorunmalı olduğunu bilmir

“Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.
Bu barədə DİN-in Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - məlumatda vurğulanıb.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Sherg.az-a bildirib ki, əsas səbəblərdən biri kiberdələduzların üsullarını daim yeniləməsi və daha inandırıcı yollarla insanları aldatmasıdır:

“Fişinq hücumları, yəni saxta bank saytı və ya kampaniya adı ilə göndərilən mesajlar, zənglər və linklər vasitəsilə vətəndaşların kart məlumatları ələ keçirilir. Bu mesaj və zənglər çox vaxt real bank üslubunda tərtib olunduğuna görə insanlar şübhələnmədən məlumatlarını təqdim edirlər. Digər səbəb isə istifadəçilərin kiberhücumlar barədə kifayət qədər maariflənməməsidir. İnsanların əksəriyyəti hələ də kart məlumatlarının necə qorunmalı olduğunu bilmir və ya təhlükə ehtimalını ciddi qəbul etmir. Bəzi hallarda mobil cihazların və ya kompüterlərin təhlükəsizliyi zəif olur, bu da kiberdələduzların məlumatları ələ keçirməsini asanlaşdırır. Bu artımın qarşısını almaq üçün həm texnoloji, həm maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir. İstifadəçilər heç bir halda telefon zəngi ilə və ya mesaj vasitəsilə bank kartı məlumatlarını paylaşmamalı, rəsmi olmayan linklərə daxil olmamalı və bank əməliyyatlarında hər zaman iki faktorlu təsdiq sistemindən istifadə etməlidir. Birmənalı olaraq bilməliyik ki, texnologiya inkişaf etdikcə təhlükələr də dəyişir və bu səbəbdən davamlı maarifləndirmə və təhlükəsizlik tədbirlərinə diqqət edilməlidir”.
Избранный
0
sherg.az

1Источники