Yazışı, jurnalist, millət vəkili Aqil Abbas “Məktəbdə...” layihəsinin qonağı olub.
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin növbəti görüşü paytaxtdakı 336 nömrəli tam orta məktəbdə keçirilib.
Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə A.Abbas özünün məktəb illəri, gənclik, tələbəlik dövrü, Ağdamla bağlı xatirələrindən danışıb, həyat yolunun maraqlı məqamlarından söz açıb. Şagirdlərin ləyaqətli insan və vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin rolundan bəhs edən qonaq Ağdamda vaxtilə ona dərs deyən, üzərində böyük haqqı olan müəllimlərini yada salıb. “İlk müəllimimin ana nəvazişini hələ də xatırlayıram”, deyən qonaq müəllim əməyinin ən yüksək dəyərə layiq olduğunu söyləyib. Millət vəkili oxu vərdişləri, mütaliənin üstünlükləri, doğru ixtisas seçimləri, yeniyetmə və gənclərin zərərli vərdişlər, yad təsirlərdən qorunması yolları və digər mövzular barədə şagirdlərə tövsiyələrini verib.
Ulu öndərin anadan olmasının 102-ci ildönümü ərəfəsində məktəbdə qonaq olan A.Abbas şagirdlərə Heydər Əliyevin illər öncə doğma torpaqlarımıza mütləq qayıdacağımızı söyləyərkən nümayiş etdirdiyi əsil lider qətiyyəti, siyasi uzaqgörənliyi haqqında danışıb, Qarabağa Böyük Qayıdış, yenidən qurulan Ağdamın yeni həyatı, Ağdam təmsilçisi “Qarabağ” futbol klubu ilə bağlı fikirlərini bildirib, məktəbliləri düşündürən sualları cavablandırıb.
Daha sonra qonaq müəllifi olduğu imzalı kitablarını şagirdlərə hədiyyə edib.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.